Azərb. SSR-də inzibati r-n. 1930 ildə təşkil olunmuşdur. Sah.739 kv.km. Əh.79,7 min (1981, yanvar). R-nda 1 şəhər, 55 kənd var. Mərkəzi Göyçay ş.-dir.
Təbiət. Səthi, əsasən düzənlikdir. Şm. hissəsi Bozdağ silsiləsinə daxildir (hünd. 650 m-dək). Ş.-də Qaraməryəm tirəsi uzanır. Ərazinin bir hissəsi (c.-q.-də) okean səviyyəsindən alçaqda yerləşir. Pliosen və Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi üstündür. Orta temp-r yanvarda 1,9°C, iyulda 26,4°C-dir. İllik yağıntı 400-500 mm. Əsas çayı Göyçaydır. Yuxarı Şirvan kanalı r-nun ərazisindən keçir. Boz-çəmən, dağ boz-qəhvəyi, şabalıdı, açıq-şabalıdı və s. torpaqlar yayılmışdır. Bitki örtüyü, əsasən, efemerli-yovşanlı və yovşanlı-şoranotulu yarımsəhra, dağlıq kserofil (friqanoid) bitki qruplarından, ibarətdir. Seyrək püstə-ardıc meşələri, arid kolluqlar var. Heyvanları: canavar, tülkü, boz dovşan, çölsiçanı və s.
Əhali. Orta sıxlıq 1 kv.km-də 108 nəfərdir (1981). Ən iri yaşayış məntəqələri: Göyçay ş., Bığır, Ləkçıplaq, Çaxırlı və İnçə k.-ləridir.
Təsərrüfat. Əsasən, k.t. r-nudur; K.t.-nda pampıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, meyvəçilik və üzümçülük mühüm yer tutur. 19 k-z, 3 s-z var (1981). K.t.-na yararlı torpaqlar 44,2 min ha-dır (1980). Bunun 22,9 min ha-ı şum yeri, 3,8 min ha-ı çoxillik bitkilər, 17,5 min ha-ı otlaqlardır. Suvarılan torpaqlar 25 min ha-dır. 21,2 min ha əkin sahəsinin 36%-ində dənli və dənli-paxlalı bitkilər (buğda, arpa, qismən çəltik, qarğıdalı və s.), 30%-ində texniki bitkilər (pampıq), 1%-ində tərəvəz-bostan bitkiləri, 33%-ində yem bitkiləri əkilir (1981). 1981 ildə 13 min t pampıq yığılmışdır. G.r. resp.-nın mühüm meyvəçilik r-nlarındandır. Nar, heyva və s. yetişdirilir. K-z və s-zlarda 1,8 min ha meyvə bağı var. Üzümçülük inkişaf etdirilir. Südlük-ətlik heyvandarlıq əsas yer tutur. K-z və s-zlarda 13 min qaramal (3,2 mini inək və camış) var (1981). İri quşçuluq kompleksləri yaradılmışdır. G.r. resp.-nın ən iri baramaçılıq r-nlarındandır. 1981 ildə dövlətə 380 t barama satılmışdır. R-nda aqrar-sənaye birliyi, istehsalat kombinatı, avtomobil təmiri zavodu, tikiş fabriki, Resp. Dövlət K.T İstehsal-Texniki Təminat Komitəsinin şöbəsi, elektrik şəbəkəsi və s. var. Yeyinti sənayesi müəssisələrində konyak, meyvə şirəsi, yağ-pendir və s.istehsal edilir. Nəql.avtomobil yolları ilədir. Bakı-Qazax avtomobil yolu r-nun ərazisindən keçir.
Mədəni quruculuq və səhiyyə. 21 məktəbəqədər müəssisədə 902 uşaq tərbiyə olunur (1981). 6 ibtidai, 20 səkkizillik, 31 orta məktəbdə 19 768, iki texniki peşə məktəbində 1676 şagird, k.t.-nı elektrikləşdirmə və mexanikləşdirmə texnikumunda 676 tələbə təhsil almışdır (1981/82). R-nda 14 mədəniyyət evi, 59 kitabxana, 34 klub, 25 kinoqurğu, xalq teatrı, maarif işçiləri evi fəaliyyət göstərir. Azərb.KP Göyçay Rayon Komitəsi və Rayon Xalq Deputatları Sovetinin orqanı “Yeni həyat” qəzeti 1930 ildən çıxır (1930-37 illərdə “Pampıqçı”, 1938-60 illərdə “Qalibiyyət bayrağı” adı ilə). Yerli radio verilişləri redaksiyası 1962 ildən fəaliyyət göstərir. R-nda televiziya verilişlərinə baxılır.
R-nda 650 çarpayılıq 13 xəstəxana, 18 feldşer-mama məntəqəsi, 2 həkim məsləhətxanası, 2 dispanser (vərəm və dəri-zöhrəvi), sanitariya-epidemioloji st., 146 həkim, 461 orta tibb işçisi var (1980).
Mənbə: ASE. 10 cilddə, Bakı, 1982, VI cild, s.110