XX əsrin 60-cı illərində Qaraməryəm-Müsüslü yolunun kənarında, Aşağı Qaraməryəm k.-də, Yuxarı Şirvan kanalının sol tərəfində əmək və məişət əşyaları tapılıb. Həmin məlumat əsasında 1962 ildə S.Qazıyev, R.Göyüşov kəndə gələrək çoxlu sayda material toplayıb. Bundan bir il sonra F.Osmanov da bura gələrək, Qaraməryəm çayının əmələ gətirdiyi yarğanlarda qədim dövrə aid küp və torpaq qəbirlər (İnv.1077) aşkara çıxarıb. Burada həmçinin divarlarının qalınlığı 2,5 sm olan saxsı küp və bardaqların fraqmentləri tapılıb. 1976 ildə Aşağı Qaraməryəm k. yaxınlığında su anbarı üçün yer qazılarkən də analoji tapıntılar aşkara çıxdı. O zaman kəndə ezam olunan arxeoloqlar Ə.Əliyev, A.Ələkbərov orta əsrlərə aid çoxlu sayda maddi mədəniyyət nümunələri, şirli və şirsiz saxsı qablar aşkara çıxardılar. Tapılan küplərin birinin üzərində olan cızma üsulu ilə işlənən sxematik təsvir var. Mütəxəssislərin fikrincə, bu, insan təsviridir. Qaraməryəm tapıntıları xronoloji cəhətdən ərəb xilafətinin işğalı dövrünə (VII-VIII əsrlərə) aid edilir. Kəndin adının da Məryəm adlı qara rəngli ərəb qadınının adından götürüldüyü ehtimal olunur.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı 2022, s.19-20