(1893, Göyçay qəz.-nın Potu k.–30.6.1930, Şəmkir qəz.-nın Zəyəm k.) – Azərb. hüquq-mühafizə orqanlarının əməkdaşı.
İlk təhsilini Göyçayda alıb. 1915 ildə Bakıdakı Rus-tatar məktəbində, bir müddət sonra isə Bilgəh və Maştağa k.-də müəllim kimi fəaliyyət göstərib. 1918 ilin fevralından bolşeviklər partiyasına daxil olan Məmmədov Tiflis müəllimlər məktəbində təhsil alaraq müəllim attestatı alır. 1918-19 illərdə Göyçaya qayıdaraq burada inqilabi iş aparır, sonra burada müəllimlik fəaliyyətini davam etdirir. 1920 ilin iyununda Müsüslüdə Azərb. SSR Xalq Daxili işlər komissarı Həmid Sultanovla görüşündən sonra həmin qurumda təlimatçı təyin olunur və ona Müsüslü sahəsində inqilab komitəsi yaratmaq tapşırılır. Bu tapşırığın öhdəsindən bacarıqla gələn Məmmədov 1921 ilin yanvarında Göyçay qəz. milis idarəsinin rəisi təyin olunur. Bu dövrdə Azərb.-nın başqa qəz.-da olduğu kimi Göyçayda da yeni hökumətin yeritdiyi siyasətdən narazı olan qaçaqların pərakəndə halda baş verən narazılıqları kütləvi xarakter almağa başlamışdı.
Məmmədovun qəz.-kı fəaliyyəti də məhz gün-gündən güclənən qaçaq hərəkatı ilə mübarizədə özünü göstərirdi. O, bu işin öhdəsindən də uğurla gəlirdi. 1923 ilin fevralında Göyçay Qəza İcraiyyə Komitəsi Daxili işlər idarəsinin müdiri, həmin ilin mayında isə GQİK sədrinin müavini vəzifələrinə irəli çəkilir. 1923 ilin iyulunda ona artıq Azərb. Xalq Daxili İşlər Komissarlığı siyasi şöbəsinin rəisi vəzifəsi həvalə olunur. Sonrakı illərdə Şamaxı, Göyçay, Şamxor qəz.-da yüksək rəhbər vəzifələrində çalışan Məmmədov işlədiyi bütün strukturlarda öz bacarığını və sədaqətini nümayiş etdirir və buna görə də vəzifə pillələri ilə sürətlə irəliləməyə davam edir. O, Bakı ş. prokurorunun müavini, Azərb. SSR Ali Məhkəməsinin və Azərb. Dövlət Siyasi idarəsinin prokuroru vəzifələrinə irəli çəkilir. Lakin onun fəaliyyəti bir gün belə sakit keçmir və bütünlüklə yeni hakimiyyətə düşmən kəsilən kəndli hərəkatına qarşı amansız mübarizəyə sərf olunur. 1930 ilin iyununda Məmmədov Şamaxı və Tovuz qəzalarında Hacı Axundun başçılığı ilə tüğyan edən belə kəndli dəstələrindən birini ləğv etmək üçün Şamxor qəz.-nın Zəyəm k.-nə yola düşür. Lakin dəstənin ciddi müqavimətilə üzləşən Məmmədov və onun bir neçə yoldaşı iyunun 30-da dəstə üzvləri ilə baş verən atışmada həlak olur. Ölümündən sonra onun adı Bakı və Gəncə ş.-lərində küçələrə verilib. Onun doğulduğu Göyçayda isə uzun müddət Məmmədovun adını daşıyan kinoteatr fəaliyyət göstərirdi. Lakin ötən əsrin 90 illərindən başlayaraq ölkəmizdə ictimai-siyasi proseslərin bir-birini əvəz etməsi nəticəsində Ə.Məmmədovun da adı tədricən unuduldu.
Mənbə: “Azərbaycan çekistləri”. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1983