
Ərəb xilafəti yarandıqdan sonra islam dinini yaymaq məqsədilə müxtəlif istiqamətlərdə yürüşlərə başladı. Sasaniləri məğlub etdikdən sonra Cənubi Azərbaycan ərazisi işğal edilsə də, Göyçay ərazisinin daxil olduğu Girdiman dövləti özünün görkəmli sərkərdəsi Çavanşirin uzaqgörən siyasəti nəticəsində 680 ilə qədər dövlət müstəqilliyini qoruyub saxlaya bildi. Bizans dövlətinin tərəfdarları tərəfindən Cavanşirin sui-qəsd nəticəsində öldürülməsi vəziyyəti dəyişdi. Şimali Azərbaycan Ərəb, Xəzər və Bizans dövlətləri arasında savaş meydanına çevrildi. Ərəblərin qələbəsi nəticəsində 705 ildə Azərbaycan ərazisi tamamilə Xilafətin tərkibinə qatıldı.
Bütün işğal dövrlərində olduğu kimi bu dövrdə də yerli əhalini təsir altında saxlamaq üçün ərəblər köçürmə siyasətini həyata keçirdilər. Onlar mövqelərini möhkəmləndirmək üçün Azərbaycan və Arrana böyük sayda ərəb əhalisini köçürdülər. Hələ xəlifə Əli ibn Əbu Talibin dövründə (656-661) Azərbaycana hakim təyin edilən əl-Əşəs ibn Qeys “Ərdəbildə əta və divan siyahısına salınmış ərəblər yerləşdirdi… Ərəblər Azərbaycanda məskən saldıqda, onların Küfədən, Bəsrədən və Şamdan olan qohumları bura axışdılar… VIII əsrin 30 illərində Məsləmə Dərbəndə 24 min ərəb yerləşdirdi”.
Azərbaycana köçürülən ərəb kəndlilərinin bir hissəsi indiki Göyçay ərazisinə yerləşdirildi. Ərəb tayfalarının VII-IX əsrlərdə Azərbaycana köçürülməsinin izləri Azərbaycanın bəzi rayonlarında indiyədək qalmaqdadır. Akademik Ziya Bünyadov yazırdı: “Vaxtilə ərəblərin məskən saldıqları yaşayış məntəqələrinin adında indiyədək “ərəb” sözü qalmışdır… Bu kəndlər Xilafətin məhz şimal sərhədləri boyunca, əsasən ticarət yolları üzərində yerləşirdi… Göyçay-Ərəbcəbirli, Ərəbxana, Ərəbmehdibəy, Ərəbşahverdi kəndləri” bu kəndlərdəndir.
1859-64 illərdə Nikolay Zeydliç (1831-1907 illər rus naturalisti, statistiki, etnoqrafı) tərəfindən hazırlanan vilayətin kameral təsviri əsasında tərtib olunan “Bakı əyalətinin etnoqrafik eskizi” əsərində ərəb kəndlərinin və köçəri tayfaların siyahısı verilmişdir: “Ərəb Cəbirli və Ərəb Şahverdi Göyçay və Şamaxı uyezdlərində, Ərəb Mehdibəy, Ərəb Sarvan və Ərəb Xanədan Göyçay uyezdində köçəri həyat sürürdü. Oturaq ərəblər isə ölkənin əsasən şimal və cənub hissələrində yaşayırdılar. Bakı quberniyasının kameral təsvirinə əsasən, burada olan ərəb kəndlərində 1680 təsərrüfatda ümumi olaraq 9881 nəfər əhali yaşayırdı.
Əhalisi mənşəcə ərəb hesab edilən yaşayış məntəqələri və köçəri düşərgələr haqqında ən dolğun məlumat 1886 ildə Zaqafqaziya bölgəsi əhalisinin sayını özündə əks etdirən cədvəldə qeyd olunub. Cədvəldə verilən məlumata görə, 1886 ildə Göyçayın Ərəbcəbirli (İndiki I və II Ərəbcəbirli) kəndində 650 nəfər, Ərəbşahverdi kəndində 232 nəfər əhali yaşayırdı.
Şamaxı və Göyçay uyezdlərində yaşayan Ərəb Şahverdi, Ərəbcəbirli, Ərəb Şam və Ərəb Qədim tayfalarında dəvə ilə yük daşıma ticarəti (çarvadarlıq) geniş yayılmışdı. Bu tayfalardan olan ərəblər dəvələrlə Bakı quberniyasından Zaqafqaziyanın müxtəlif yerlərinə yük daşıyırdı. Azərbaycanın daxilində, xüsusən duz və neft dəvələrlə daşınırdı. Göyçay ərəbləri bu malları Zaqafqaziya dəmir yolunun Ucar stansiyasından, Qəbristan ərəbləri isə Bakı quberniyasından alaraq digər regionlarda satırdı. Maraqlısı odur ki, ərəblər puldan istifadə etmirdi və satdıqları mal əvəzində düyü, fındıq, meyvə götürürdülər.
Göyçayın Ərəbcəbirli kənd sakinləri kömürdən istifadə edirdi. Bu kəndin sakinləri əldə edilən kömürü Bakının mis və dəmir tökmə müəssisələrinə satırdılar. Ərəb tayfalarının bir ortaq xüsusiyyəti də hər birində yun məhsullarının (kilim, xalça) geniş istifadə olunması idi. Bu xalçalardan ən məşhuru Ərəb Qədim xalçası idi. Qobustan rayonunun Ərəbqədim kəndində xalçaçılıq ənənəsi indi də qalır.
Azərbaycan tarixşünaslığının banisi Abbasqulu Ağa Bakıxanov XIX əsrin ortalarına qədər Azərbaycanda ərəblərin böyük hissəsinin ana dillərini itirdiyini qeyd edir. Bakıxanovun fikrincə, Şirvan uyezdində yaşayan ərəblərin yalnız bir qrupu ərəb dilindən məişətdə istifadə edirdi. Azərbaycan ərəblərinin türkləşməsi prosesi XIX əsrin sonlarına yaxın başa çatdı. Bu vaxta qədər demək olar ki, bütün ərəb kəndləri ana dilini itirdi.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı, 2022, s.31-37.