(1898, Göyçay r-nunun Qaraman k. – 1961, Göyçay r-nunun Qaraman k.) – pedaqoq, maarifçi, din xadimi, Qırmızı Əmək Bayrağı və Lenin ordenləri kavaleri.
Maarifçi, pedaqoq, ilahiyyatçı, din xadimi, xeyriyyəçi Hacı Rəhim Əfəndinin (Əfəndiyev Rəhim Məhəmməd oğlu) övladları, nəvələri, nəticələri onun işini şərəflə davam etdiriblər və bu gün də etdirirlər. Şirvanın ziyalı şəxsiyyətlərindən Məhəmməd Əfəndinin ailəsində anadan olmuş Hacı Rəhim Əfəndi öz övladlarını, mənəvi varislərini də maarifçilik ruhunda tərbiyə etmiş, onlara həm dini, həm dünyəvi savad vermişdir.
Sovet dönəminə qədər Hacı Rəhim Əfəndinin oğullarının bir neçəsi ətraf kəndlərin mollası imiş. – Abdullah Əfəndiyev Hacalı k.-nin mollası, digəri başqa bir kənddə molla olub, üçüncüsü başqa yerdə.
Amma sonradan Hacı Rəhim Əfəndi öz uzaqgörənliyi, mütərəqqiliyi sayəsində Sovet hökuməti gəlməmiş öz oğullarını Qori Seminariyasında pedaqoji təhsil almağa göndərib. Sovet hökuməti gəldikdə isə onlar mollalığı pedaqoji fəaliyyətlə əvəz ediblər.
Bir neçə dil bilən bu insanlar – Abdulla Əfəndiyev, Ziya Əfəndiyev, Əhməd Əfəndiyev, Sirac Əfəndiyev, Ağarəhim Əfəndi, Saliyə Abdulla qızı, Saray Hacağa qızı və digərləri uzun illər müəllim işləmiş, bir neçə ziyalı nəsli yetişdirmişlər.
Onun övladlarından müəllimlik sənətinə yüksək səviyyədə yiyələnmiş Abdulla Əfəndiyev, Əhməd Əfəndiyev, Ziya Əfəndiyev və Sirac Əfəndiyev, nəinki Göyçayda, ümumən ölkə üzrə maarifçiliyə öz töhfələrini vermişlər, Azərbaycan Xalq Cümhuriyyəti dövründə və 1920-30 illərdə savadsızlığın ləğvində, gənc nəslin təlim və tərbiyəsində mühüm rol oynamışlar.
Azərb. təhsilinin inkişafında Hacı Rəhim Əfəndinin oğlu Abdulla Əfəndiyevin xüsusi rolu olmuşdur. Müəllimlik fəaliyyətinə 1920 illərdən Bığır kəndindən başlayan Abdulla Əfəndiyev sonradan İsmayıllı r-nunun Kürdmaşı kənd məktəbinin direkroru işləmiş, 1930 illərin axırlarında Qaraman kəndinə qayıdaraq pedaqoji fəaliyyətini burada davam etdirmişdir.
A.Əfəndiyev müəllimliklə bərabər, pedaqoq-metodist kimi də tanınıb. AXC-nin Maarif Nazirliyinin məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə yaratdığı xüsusi komissiyada mühüm rol oynayıb. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə ilə yanaşı, Abdulla Əfəndizadə daxil edilib. Onların gərgin fəaliyyəti nəticəsində 1919 ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olundu.
30 il müəllim işləmiş Lenin ordenli A.Əfəndiyev və bu ailənin digər müəllim nümayəndələri hər bir dərslərinə məsuliyyətlə yanaşar, hər bir dərsə xüsusi hazırlaşar, hər gün gündəlik yazardılar. Dini təhsil almış Əfəndizadələr ərəb və fars dillərini mükəmməl bilən insanlar olub, Füzulinin, Xaqaninin, Nəsiminin şeirlərini dərindən bilib təhlil edərdilər, ərəb, fars dillərindən tərcümə edərdilər, öz aralarında elmi mübahisələri olardı.
A.Əfəndiyevin peşəkar, səriştəli fəaliyyəti Təhsil idarəçilərinin diqqətini cəlb etmiş və Qonaqkənd r-nu (Qubanın yaxınlığında) yarananda Abdulla müəllimi ora Təhsil Şöbəsinin ilk müdiri olaraq göndərmişdilər. Bir həftə işləyəndən sonra o, Maarif nazirindən xahiş edib işdən uzaqlaşıb. O, anası Sonanı qoca yaşında tək qoya bilməyəcəyini söyləyib.
Müəyyən səbəblərdən Hacı Rəhim Əfəndinin nəslindən olan tanınmış adamların bir hissəsi Əfəndizadə soyadını daşımasalar da onun nəvələrindən hazırda Azərb.-ın elmi-pedaqoji həyatında mühüm rol oynayan alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, akademik, Əməkdar Elm Xadimi Pərviz Ziya oğlu Məmmədov, ictimai xadim, deputat (2010-20), Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Prezidenti Elxan Sirac oğlu Süleymanov və digərləri ulu əcdadlarının xalq, maarif və təhsilimiz üçün gördüyü xeyirxah işləri şərəflə davam etdirirlər.
Mənbə: E.Süleymanov, B.Nəsirov. Hacı Rəhim Əfəndi. – Azərbaycan Tərcümə Mərkəzi, Bakı, 1993
M.Zülfüqarlı, “Göyçay tarixi”, Bakı, 2022, s. 91-92