AZƏRBAYCAN TƏSVİRİ SƏNƏTİNDƏ NAR OBRAZI

Mifoloji qaynaqlardan qəbul olunmasının nəticəsidir ki, birlik, bolluq və ölməzlik rəmzi daşıyan, çox vaxt da cənnət meyvəsi kimi dəyərləndirilən nar uzun əsrlərdir ki, Azərb. təsviri və tətbiqi sənətində önəmli kompozisiya elementi kimi istifadə olunmaqdadır. Adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilən nara bədii-yaradıcı münasibət ilk olaraq ondan rəmzi-fəlsəfi məna daşıyıcısı olan naxış elementi kimi istifadədən başlamış, sonradan ona maraq tablolarda və qrafik lövhələrdə ifadəsini tapmış, ən nəhayət, dekorativ-tətbiqi sənətdə və heykəltəraşlıqda ilham qaynağına çevrilmişdir. Orta əsrlərə aid olan “Vərqa və Gülşa” (XIII əsr) əlyazmasına çəkilən çoxsaylı miniatürlərin arasında nar ağacı təsvirinin yer alması da sirr qatına çevrilmiş bu meyvəyə qədim dövrlərdən yaradıcı marağının mövcudluğunu təsdiqləyən faktdır. Sonrakı əsrlərdə yaradılan miniatür üslublu əsərlərdə də nar təsvirinə rast gəlinir.
Nar təsviri bəzək elementi kimi sarayların və iqamətgahların, şəxsi malikanələrin də divarlarını bəzəyən freskaların ayrılmaz elementi olmuşdur. Buna Şəki Xan sarayının (XVIII əsr) və İrəvandakı Sərdar sarayının (XVIII əsr), Şuşa, Şamaxı, Quba və Bakı şəhərlərindəki memarlıq tikililərinin (XVIII-XIX əsrlər) divar rəsmlərinin timsalında əmin olmaq mümkündür. Onları yaradan rəssamların sırasında Mirzə Qədim İrəvani, Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvab və digər məşhur fırça ustaları olmuşlar. Bu ənənəni XX əsrdə SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyov davam etdirmiş, Azərbaycan Dövlət Kukla Teatrının foyesində, Azərbaycan Respublikası Milli Məclisinin interyerində, keçmiş “Moskva” otelinin divarlarında çəkdiyi rəsmlərdə nar təsvirindən geniş istifadə etmişdir. O, həm də nar təsviri olan çoxsaylı rəngkarlıq tablolarının müəllifidir.