Alpout
or., sadə. Azərb. Resp. Göyçay r-nunun Əyniadlı i.ə.v.-də kənd. Alpout ə.d.-nin mərkəzi. R-n mərkəzindən 41 km c.-ş.-də, Şilyan çayının sol sahilində, Qaraməryəm-Müsüslü avtomobil yolunun kənarında, Şirvan düzündədir. Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır.
Alxasava
(Alxasova) oyk., mür. Azərb. Resp. Göyçay r-nunun İncə i.ə.v.-də kənd. Alxasava ə.d.-nin mərkəzi. R-n mərkəzindən 20 km c.-ş.-də, dağətəyi düzənlikdədir. Bozdağın ətəyindədir. 1993 ilədək Birinci və İkinci Alxasova kəndlərindən ibarət idi. Oykonim “Alxasa məxsus oba” mənasındadır.
Aşağı Qaraməryəm

oyk., mür. Azərb. Resp. Göyçay r-nunun İncə i.ə.v.-də kənd. Şirvan kanalı boyundadır. “Qaraməryəm (əsli Qaramaryan) adlı yaşayış məntəqəsinin aşağı hissəsi” deməkdir. Mənbələrdə Aşağı Qaraməryən variantında da qeyd olunur. İkinci komponent qara (böyük) və maryan (dağın gündöyən hissəsi, çöl bitkiləri ilə əhatə olunmuş sahə) komponentlərindən ibarət olub, “böyük otlaq sahəsi, dağın gündöyən ətəyi” mənalarını bildirir. Ərazinin coğrafi mövqeyi də bu izaha uyğundur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 1 cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 56.
Bəydövül

oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Alpout i.ə.v.-də kənd. R-n mərkəzindən 48 km c.-ş.-də, Müsüslü d.y. st.-dan 8 km, Qaraməryəm-Müsüslü şose yolundan 5 km aralı, Şirvan düzündədir. Bəydəvil, Bədovil (1917), Bədövül (1961) variantlarında da işlənir. Bədo (Azərb. dilinlə 1. “qaçağan at”; 2. “pis iyli su”) və vil (yer, məkan, inzibati ərazinin bir hissəsi) sözlərindən düzəlib, “pis qoxulu suyu olan yer” mənasındadır. Azərb.-nın Şirvan zonasında yayılmış müalicəvi kükürdlü soyuq su obyektlərindən biri də kəndin ərazisində olduğu üçün belə adlanmışdır.
Mənbə: ASE. 10 cilddə, II cild, Bakı, 1978, s.139
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 90.
Birinci Ərəbcəbirli
oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Şəhadət i.ə.v.-də kənd. R-n mərkəzindən 2 km q.-də, Bakı-Qazax avtomobil yolu kənarında, Bozdağ silsiləsinin ətəyindədir. Kəndin adı 1917 ildə Ərəb Cabirli, 1933 ildə Ərəb Cəbirli şəklində qeydə alınmışdır. Oykonimin ikinci komponenti Ərəbşamlı tayfasının XIX əsrdə 12 ailədən ibarət ərəbcəbirli tirəsinin adı ilə bağlıdır. Birinci komponent isə onu eyniadlı digər yaşayış məntəqəsindən ayırmağa xidmət edir. Etnotoponimdir. Əh. 2432 (2008); əkinçilik və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, kitabxana, tibb məntəqəsi var.
Mənbə: ASE. 10 cilddə, II cild, Bakı, 1978, s. 184.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 100.
Bığır

oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 12 km c.-ş.-də, Yuxarı Şirvan kanalının sol sahilində, Şirvan düzündədir. 1917 və 1933 illərdə Buğur variantında qeydə alınmışdır. Tədqiqatçılara görə, Şamaxı r-nundakı Niyaldağın ətəyində yerləşən Buğurt qalası 1537 ildə dağıldıqdan sonra əhali köçüb indiki yerdə məskunlaşmışdır. Azərb. dilində və dialektlərində bığır “üç yaşar erkək dəvə”, buğur “kök, qüvvətli, güclü”; “birlik” mənalarında işlənir.
Mənbə: ASE. 10 cilddə, II cild, Bakı, 1978, s.206
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 95
Çaxırlı

oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. R-n mərkəzindən 25 km c.-ş.-də, Şirvan düzündədir. Oykonim qədim bulqar tayfa birliyinə daxil olan çakar/çakır tayfasının adını daşıyır. Çaxırlı qobusu (İmişli), Çaxırlı təpəsi (Masallı), Çaqarlı dağı (keçmiş Şuşa qəzası), Çaxırlı (Ermənistanın Vardenis r-nunda Sovetakert kəndinin 1978 ilədək adı) və s. coğrafi adlar da bu tayfanın adı ilə bağlıdır. Əh. 3335 (2011); maldarlıq və əkinçiliklə məşğuldur. Tam orta məktəb, uşaq bağçası, mədəniyyət evi, tibb məntəqəsi var.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 128.
ASE. 10 cilddə, X cild, Bakı, 1987, s. 310.
Çayarxı

oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Qarabaqqal i.ə.v.-də kənd. R-n mərkəzindən 6 km c.-ş.-də, Şirvan düzündədir. Kənd Göyçay çayından ayrılan Çayarxı adlı arxın sahilində salındığı üçün belə adlandırılmışdır. Oykonim “çayın kiçik qolunun sahilində salınmış kənd” mənasındadır. Əh. 1750 (2011); heyvandarlıq və bağçılıqla məşğuldur. Ümumi orta məktəb, tibb məntəqəsi, uşaq bağçası var.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 133.
Çayırlı
oyk., düz. Azərb. Resp. Göyçay r-nunun Qızılağac i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çayır (sürünən yeraltı zoğları olan otdur) və –lı (bolluq bildirən şək.) komponentlərindən düzəlib, “çayırla zəngin olan yer” deməkdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 1 cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 133