Cari bölmə: Q
- Q
Qaçayev İntizam Əkbər oğlu
(14.12.2001, Göyçay r-nunun İkinci Ərəbcəbirli k. – 23.10.2020, Cəbrayıl istiqamətində) – Vətən müharibəsi şəhidi.
14.12.2001 il tarixdə Göyçay r-nunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 8.1.2020 il tarixdə həqiqi hərbi xidmətə çağrılıb. 23 oktyabr 2020 il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.06.2021), “Qubadlının azad olunmasına görə” (24.06.2021) və “Cəsur döyüşçü” (24.06.2021) medalları ilə təltif edilmişdir.
Qafarov Kənan Siyaqif oğlu
(6.8.1996, Göyçay r-nunun Yalman k. – 8.10.2020, Cəbrayıl istiqamətində) – Vətən müharibəsi şəhidi.
6.8.1996 il tarixdə Göyçay r-nu Yalman kəndində anadan olub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 24.2.2017 il tarixdə N saylı hərbi hissədə gizir vəzifəsində xidmətə başlayıb. 8 oktyabr 2020 il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda” (15.12.2020) və “Cəbrayılın azad olunmasına görə” (22.12.2020) medalları ilə təltif edilib.
Qafqaz İttihad və Tərəqqi Firqəsinin mərkəzi Göyçay
Azərbaycanın istiqlalı uğrunda mübarizə aparmış siyasi partiyalardan biri. Türkçülük və türk xalqlarının birliyi ideyasının təsiri altında yaranmışdı (1918). Azərbaycanlıların və başqa türk xalqlarının Türkiyənin başçılığı ilə vahid türk dövləti halında birləşdirilməsi ideyasını təbliğ edirdi. Türkiyədəki “İttihad və tərəqqi” Partiyasının təsiri altında meydana gəlmişdir. Uzun müddət gizli fəaliyyət göstərmiş, 1918 ildən Qafqaz İttihad və Tərəqqi Firqəsi proqramının üz qabığı açıq işə keçmişdi. Respublika Dövlət Arxivində Qafqaz İttihad və Tərəqqi Firqəsinin proqramı mühafizə edilir. Həmin sənəd Bakıda Əbuzər Orucovun elektrik mətbəəsində nəfis şəkildə “Haqq verilməz, alınar!” çağırışı ilə çap olunmuşdur. Proqramın üzərində onun çap tarixi göstərilməsə də, mətndən aydın olur ki, o, 1918 ildə nəşr edilmişdir. Qafqaz İttihad və Tərəqqi Firqəsinin yerlərdə də gizli şöbələri yaradılmışdır.
Qantəmir Qafur
(Əfəndizadə Qafur Sədrəddin oğlu), (22.5.1888, Göyçay r-nunun Potu k. – 28.1.1944, Cizak vilayətində) – Azərbaycanın görkəmli maarif xadimi, pedaqoq, yazıçı, AYB-nin üzvü (1934).
İlk təhsilini Potuda, dövrünün tanınmış ziyalılarından olan, Sədi Salis təxəllüsü ilə şeirlər yazan atası Sədrəddin Əfəndinin xüsusi məktəbində (1896-1905) almış, sonra Göyçay ş.-də İbrahim Həqqinin yeni üsul məktəbində (1905-08) oxumuşdur.
Qara Molla baba ziyarətgahı
Qara Molla baba ziyarətgahı r-nun Xəlitli k-dədir. Bu ziyarətgah övliya Məhəmməd babanın adı ilə bağlıdır. Qara Molla babanın əsl adı Məhəmməddir. Bu şəxsiyyətin yaşadığı dövr XVIII əsrin sonu XIX əsrin əvvəllərinə təsadüf edir. Bunlar bu ərazilərə Şamdan gəlmişlər. Bunlardan sadəcə ikisi yaddaşlarda qalmaqdadır – Hacı Əfəndi və Məhəmməd baba. Bunlar ilk dəfə indiki Hacıağabəyli k-i ərazisində olan Qarağac piri sayılan ərazidə məskunlaşmışlar. Daha sonra isə Hacı Əfəndi Yeniarx k-ində, Qara Molla baba isə Xəlitli k-ində məskunlaşmışdır.
Qarabağlar
oyk., mür. Azərb. Resp. Göyçay r-nunun Şəhadət i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsli Kürd-Qarabağlar olmuşdur. XIX əsrin ortalarında Gəncə qəzasında yaşamış qarabağlar tayfasından on bir ailənin Göyçay qəzasına gələrək məskunlaşması nəticəsində yaranmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.18
Qarabaqqal

oyk., mür. Azərb. Resp. Göyçay r-nunun eyniadlı i.ə.v.-də kənd. Göyçayın sahilində Şirvan düzündədir. Oykonim orada yaşamış qarabaqqal nəslinin adını əks etdirir. Yerli məlumata görə, kəndin əhalisi Qarabağ xanlığından köçüb gəlmişdir. Başçıları guya baqqallıqla məşğul olmuş Qara adlı şəxs olduğu üçün nəsil belə adlanmışdır.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. 2 cild, Bakı, “Şərq-Qərb”, 2007, s.18
Qarabaqqal kəndi məscidi

Qarabaqqal k.-də vaxtilə 5-6 məscid və bir çox hücrənin olduğunu deyirlər. Qarabaqqal k.-də ilk məscid Rəhim Əfəndinin adı ilə bağlıdır. İlk məscidi Rəhim Əfəndi tikdirmişdir. Rəhim Əfəndinin atası bu k.-də ilk məskunlaşan insanlardan olub. Bu k.-də ilk yaşayış 1810-20 illərdə başlamışdır. Kənddə yaşamış Molla Əziz kişi 1960-62 ilərdə İsmayıl Abdulqədir oğlu ilə bu barədə söhbət edib. O zaman Əziz kişi 70-75 yaşlarında olardı. O deyirdi ki, Rəhim Əfəndi həmin məsciddə ona dərs verib. O zaman onun 11 yaşı var idi. Bu da təxminən 1890 illərə təsadüf edir. Belə qənaətə gəlmək olar ki, Rəhim Əfəndinin atası Hacı İsmayıl kişi 1810-20 illərdə bu kənddə ilk məskunlaşan insanlardan olub. Hacı İsmayılın adını həmin şəxs daşıyırmış. Məlumatı verərkən 66 yaşında olub.
Qaraman

oyk., sadə. Azərb. Resp. Göyçay r-nunun Ləkçıplaq i.ə.v.-də kənd. Ovalıqdadır. Kəndin adı qaraman tayfasının adı ilə əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-63) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərb.-a yayılmışlar. Qaramanların XII əsrdə şm.-dan Azərb.-a gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, kosun və qıştəmir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərb. Yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur.