(16.3.1926, Göyçay ş.– 26.2.2013, Bakı ş.) – tarix ü.e.d.(1969), prof. (1993), AMEA müxbir üzvü (2001).
1926 il martın 16-da Göyçay ş.-də anadan olub. Moskva Şərqşünaslıq İnstitutunu fars dili ixtisası üzrə bitirib. Azərbaycan Səfəvilər (Qızılbaşlar) dövlətinin siyasi, ictimai-iqtisadi tarixini araşdırıb, bu dövlətin inkişafında Azərbaycan türklərinin aparıcı rolunu ilk dəfə dövrün müxtəlif fars dilli salnamələri və sənədləri əsasında üzə çıxarıb. Bununlada tarix elmində Səfəvi dövlətinə “İran dövləti” kimi ənənəvi baxışın yanlış olduğu aşkar edilib. XV-XVI əsrin bir sıra əlyazma mənbələrini ilk dəfə tədqiqata cəlb edib. Tarix elmində “İranlı Don Juan” adı ilə məşhurlaşmış Orucbəy Bayatın Azərbaycan türkü olduğunu təsbit edib və onun əsərini rus dilində çapa hazırlayıb. 7 cildlik “Azərbaycan tarixi”nin 3-cü cildinin (XII-XVIII əsrlər) məsul redaktoru və müəlliflərindəndir. 2001 ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 6 kitab, 10 kollektiv monoqrafiya, 150 elmi məqalənin müəllifidir. Xaricdə 15 elmi əsəri işıq üzü görüb. İndiyədək 9 elmlər namizədi, 3 elmlər doktoru hazırlayıb. 2004 ildə Azərbaycan Respublikasının “Şöhrət” ordenilə təltif olunub. AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunda şöbə müdiri vəzifəsində çalışıb. Tarix elmləri doktoru, professordur. Alim 2013 ildə vəfat edib.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.49-50