(15.9.1955, Bakı ş.) – əslən Azərb.-dan olan rusiyalı iş adamı, siyasi xadim, mesenat və filantrop, “Dostluq” ordeni laureatı (2020).
F.Əhmədov kökləri tarixi Azərb.-nın Qərb (Zəngəzur) regionuna gedib çıxan qədim nəsildəndir. Uşaqlığı Azərb.-nın mərkəzi regionunda yerləşən, atasının işlədiyi Göyçay ş.-də keçib. Orta məktəbi orada bitirib (1961-71). Moskvada 85 saylı Texniki Peşə Məktəbinə (çilingər-montajçı) daxil olur, məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılır (1975-77). 1978 ildə F.Əhmədov K.İ.Skryabin adına Moskva Baytarlıq Akademiyasına daxil olur və oranı 1983 ildə “Xəz məmulatlarının texnologiyası və əmtəəşünaslığı” ixtisası üzrə qiyabi bitirir.
1986-94 illərdə Londonda yaşayıb. İlk mərhələdə beynəlxalq bazarlarda xəz satışı ilə məşğul olub. Sonralar SSRİ-nin neft-qaz sənayesi üçün avadanlığın təchizatı, neft və neft məhsullarının satışı üzrə beynəlxalq layihələrdə bilavasitə iştirak edib.
1995 ildən başlayaraq F.Əhmədov diqqətini RF-də biznesə yönəldir və şərqi Sibirdə qaz yataqlarını işləyən “Nortqaz” şirkətinə minoritar səhmdar kimi daxil olur; eyni zamanda “FARCO Securities” investisiya şirkətinin Direktorlar Şurasına rəhbərlik edir (1995-98) və “Nortqaz” QSC-nin Direktorlar Şurasına daxil olur (1994–2001).
2002 ildən “Nortqaz” QSC-nin Direktorlar Şurasına rəhbərlik edir. Qısa müddət ərzində şirkəti zərərli vəziyyətdən sabit mənfəətə gətirib çıxarır. 2005 ildə RF-nin qaz inhisarçısı “Qazprom”un təzyiqi altında “Nortqaz”ın səhmlərinin 51%-ni ona güzəştə gedir. 2012 ildə Əhmədov ona məxsus 49% səhmləri 1,375 mlrd. dollara “Novatek” şirkətinə satır və neft-qaz treyderi statusunu xüsusi investor statusuna dəyişir.
Sahibkarlıq fəaliyyətinə paralel olaraq İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin qiyabi aspiranturasını bitirmiş, iqtisad e.n. dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Beynəlxalq Texnoloji EA-nın müxbir üzvü seçilib.
F.Əhmədov on ildən artıq müddətdir ki, “Forbes” jurnalının Rusiya versiyasına görə, dəyişməz olaraq RF-nin 200 ən zəngin adamı reytinqinə daxildir. 2019 ilə olan vəziyyətə görə RF-nin ən zəngin şəxslərinin reytinqində 67-ci yeri tuturdu (şəxsi var-dövləti 1,4 mlrd. dollar təşkil edir). “Forbes”-in ümumdünya versiyasına görə, milyarderlərin siyahısında 2141-ci yeri tutur.
2004 ildə F.Əhmədov RF Federasiya Şurasında Krasnodar diyarının Administrasiyasının nümayəndəsi təyin olunmuşdur (2007 ilə qədər). RF-nin qanunverici hakimiyyətinin ali palatasında təmsil olunan birinci və hal-hazıradək yeganə etnik azərbaycanlıdır. 2007 ildə Federasiya Şurasında Nenets Muxtar Dairəsinin Deputatlar yığıncağının nümayəndəsi təyin olunmuşdur (2009 ilədək). FŞ-də işlədiyi dövrdə Hüquqi məsələlər üzrə komitənin üzvü kimi RF-nin bir sıra qanunvericilik aktlarının işlənib hazırlanmasında və qəbul olunmasında iştirak edib. 2007–10 illər ərzində AŞ PA-da RF nümayəndə heyətinin işində fəal iştirak edib, Azərb.-da daxil olmaqla, dəfələrlə seçkilərdə beynəlxalq müşahidəçi olub.
2006 ildə F.Əhmədov ilk direktoru atası olan Göyçay Konserv zavodunu alıb və əhəmiyyətli investisiyalardan sonra onun fəaliyyətini bərpa edib. 2009 ildən etibarən Teymur Əhmədov adına “AZNAR” Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri və səhmdarıdır. Təkcə ilkin mərhələdə layihəyə 55 mln. dollar investisiya qoymuşdur, bu da həm bazara çıxarılan, həm də ixrac olunan (o cümlədən, ABŞ, Avropa, Yaponiya, Çin, Yeni Zelandiyaya) yüksəkkeyfiyyətli məhsulların (ilk öncə nar şirəsinin) buraxılışına başlamağa və Azərb.-nın Göyçay və İsmayıllı r-nlarında yüzlərlə iş yeri yaratmağa imkan verib.
Son illər ərzində qida sənayesinin maliyyələşdirilməsindən əlavə, F.Əhmədov kənd təsərrüfatının, o cümlədən balıqçılıq, heyvandarlıq, arıçılıq, üzümçülüyün inkişafına xeyli sərmayə qoyub, özünə məxsus üzüm bağlarının üzümündən yüksəkkeyfiyyətli çaxırın istehsalını təşkil edib. Digər irimiqyaslı layihələrə də, xüsusilə hotel və tibb sektoruna sərmayə qoyub.
Xeyriyyəçilik F.Əhmədovun həyat fəlsəfəsinin prinsipial təməllərindən biridir. O, “AZNAR” və digər təşkilatlar vasitəsilə mütəmadi olaraq məktəblərə, uşaq təşkilatlarına, tibb müəssisələrinə, tələbələrə, əlillərə və veteranlara maddi yardım göstərir. İş adamı dəfələrlə Azərb. rəssamlarının əsərlərinin xaricdə – London, Venesiya və Parisdə sərgilərini təşkil edib. Uzun illərdir ki, Əhmədovun xeyriyyəçiliyinin adresatı onun kiçik Vətəni – Azərb.-ın Göyçay r-nudur. O burada müxtəlif idman tədbirlərinə və festivallara sponsorluq edir.
F.Əhmədov “Nar festivalı”nın – artıq 15 ildir ki, noyabr ayının ilk ongünlüyündə Göyçay r-nunda keçirilən və ildən-ilə artan ümummilli və beynəlxalq marağa səbəb olan mədəni-kütləvi tədbirin təşəbbüskarı və əsas sponsorudur.
2020 ilin mart ayında, koronavirus pandemiyasının qızğın çağında AR Prezidenti İlham Əliyevin çağırışına cavab verərək, rəhbərlik etdiyi “AZNAR” QSC-nin adından Koronavirusla mübarizə fonduna 1 mln. manat vəsait köçürmüşdür. O həmçinin Göyçay r-nunda 1600 ailəyə maliyyə və ərzaq dəstəyi göstərib.
Vətən müharibəsi dövründə (2020 ilin sentyabr-noyabr) F.Əhmədovun rəhbərlik etdiyi “AZNAR” QSC Azərb. Silahlı Qüvvələrinə əvəzsiz yardım şəklində 1 mln manat dəyərində dərman, geyim, ərzaq məhsulları və digər ilkin tələbat əşyaları göndərib. Müharibə başa çatdıqdan sonra F.Əhmədov həlak olan hərbçilərin və müharibə veteranlarının ailələrinə dəstək fonduna daha 1 mln manat köçürüb.