(10.5.1923, Naxçıvan ş. – 12.12.2003, Klivlend ş.) – Azərbaycan xalqının Ümummilli Lideri.
1939 ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərb. Sənaye İnstitutunun (indiki ADNSU) Memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.
H.Əliyev 1941-44 illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.
1944 ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib. 1949-50 illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950 ildə Azərb. SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957 ildə ADU-nun (indiki BDU) Tarix fakültəsinin qiyabi şöbəsini bitirib.
1958 ildə Azərb. SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964 ildə DTK-nın sədr müavini təyin edilib. 1966 ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib. 1967 ildə Azərb. SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.
Azərb. Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969 il iyulun 14-də keçirilmiş plenumunda H.Əliyev Azərb. Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. H.Əliyev 22 il Azərb. SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-79 illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976 ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982 ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən H.Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
H.Əliyev 1987 ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib M.Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. H.Əliyev 1990 il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərb.-ın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərb. xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991 ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990 il iyulun 20-də Bakıya qayıdan H.Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərb. SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. 1991 il sentyabrın 3-də H.Əliyev Naxçıvan Muxtar Resp.-sı Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərb. Resp.-sı Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993 ilə kimi çalışıb. H.Əliyev 1992 il noyabrın 21-də YAP-nın Naxçıvan ş.-də keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.
1993 ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə Azərb. xalqı H.Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub. H.Əliyev 1993 il iyunun 15-də AR-sı Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə AR-sı Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993 il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində H.Əliyev AR-sının Prezidenti seçilib. O, 1998 il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən AR-sının Prezidenti seçilib. 2003 il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş H.Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.
2003 il dekabrın 12-də Azərb. xalqının Ümummilli lideri H.Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
H.Əliyev beş dəfə keçmiş SSRİ-nin “Lenin” ordeni ilə, “Qırmızı Ulduz” ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Mənbə: Ümummilli lider » AZƏRBAYCAN » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi (president.az)