(9.6.1956, Göyçay ş.) – Azərb. Ordusunun general–mayoru (2015), Birinci Qarabağ müharibəsi, 2016 il aprel döyüşləri, 2020 il Tovuz döyüşləri və Vətən müharibəsi zamanı hərbi əməliyyatların fəal iştirakçısı.
Orconikidze adına Ali hərbi zenit–raket məktəbini radiotexnika ixtisası üzrə bitirdikdən sonra (1976) SSRİ Müdafiə nazirinin əmrinə əsasən xidmətini davam etdirmək üçün Almaniyada Sovet qoşunları qrupunda 95724 saylı hərbi hissəyə (zenit–raket tağım komandiri) göndərilir və burada tağım komandiri–batareyanın baş zabiti, daha sonra 64023 saylı hərbi hissədə atıcı qrupların heyət rəisi kimi fəaliyyət göstərir (1977-79).
1979 ildə hərbi biliyini artırmaq məqsədilə Kiyev Ali hərbi zenit–raket mühəndisləri məktəbində “zenit–raket qoşunlarının radiotexniki sistemləri” ixtisası üzrə təhsil alır (1979-83). Sonra Zaqafqaziya Hərbi dairəsi 55582 saylı hərbi hissədə zenit–raket divizionu komandirinin müavini (1983-91) və 33462 saylı hərbi hissədə alay komandirinin müavini (1991-92) kimi fəaliyyət göstərir. Azərb. müstəqillik qazanandan sonra hərbi xidmətini əlahiddə zenit artilleriya alayının komandiri, Hava hücumundan müdafiə qoşunları rəisi–artilleriya və HHM qoşunları idarəsi rəisinin müavini, 952 saylı hərbi hissənin komandiri, 950 saylı hərbi hissədə zenit–raket qoşunu rəisi–komandanın müavini, cəbhə qərargahında 200 saylı hərbi hissənin HHQ və HHM rəisi, 950 saylı hərbi hissədə zenit–raket qoşunu rəisi–komandanın müavini, HHM rəisi–komandanın müavini, qərargah rəisinin HHM idarəetmə üzrə müavini qərargah rəisinin müavini, əməliyyat və döyüş hazırlığı şöbəsinin rəisi-qərargah rəisinin müavini, 051 saylı hərbi hissənin (ordu korpusu) HHM rəisi – şöbə rəisi və Silahlı Qüvvələrin Təlim tədris mərkəzində HHM kafedrasının rəisi kimi davam etdirir. 2013 ildə Azərb.Resp. Prezidentinin Sərəncamı ilə Hərbi Hava Qüvvələrinin qərargah rəisi – komadanın birinci müavini vəzifəsinə təyin olunur. 2021 ildə yaşa görə tərxis olunub. Əliyev Azərb.Resp.-nın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına görə müharibə veteranı adına layiq görülüb. O, hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə bir sıra orden və medallarla, o cümlədən “Azərbaycan bayrağı” ordeni (22.6.2006), “Vətənə xidmətə görə” 3 dərəcəli ordeni (15.12.2020), “Vətən uğrunda” (24.6.2016), “Döyüş xidmətlərinə görə”, “Hərbi xidmətlərə görə” (25.6.2020) medalları, “Qüsursuz xidmətlərə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medallarının hər üç dərəcəsi, “Silahlı qüvvələr veteranı”, “Azərbaycan Respublikası silahlı qüvvələri” 10, 90, 95 və 100 illiyi yubiley medalları ilə təltif olunub.
Mənbə: V.Abdullayev, R.Quliyev. Çinarlı yurdun övladları (əlyazması hüququnda). s.51