Mustafa İzzət Baqi (1900, Türkiyə – 1982) – ədəbiyyat tarixçisi, şərqşünas və tərcüməçi.
Ata tərəfi Göyçay bölgəsinin Gölbulaq k.-dəndir. Sonradan Bursa ş.-ni özünə məskən seçən ailə məhz bu səbəbdən özünə eyni mənaya gələn “Gölpınarlızadələr” soyadını seçib. Atası Əhməd Agah əfəndi Mövləvi təriqətinin üzvü olub, “Tərcümani-həqiqət” qəzetində jurnalist kimi fəaliyyət göstərib. 1877-78 illərin türk.-rus savaşı zamanı ailə (indiki Bolqarıstanın) Ruscuk ş.-dən İstanbula köçməli olub. Anası Adıgey bölgəsində böyümüş Aliyə Şöhrət xanım adlı bir çərkəz qızı ilə də İstanbulda tanışlıq qurub, evlənib.
Ailədə doğulan uşaqlar çox yaşamadığından doğma babasının adını daşıyan balaca Mustafa İzzətə sonradan “Əbdülbaqi” (ərəbcə – qalıcı, əbədi) adı verilib. 7-8 yaşlarından etibarən Əbdülbaqi Bahariyyə mövləvixanasına ayaq açıb, təsəvvüflə bağlı ilk biliklərinə də orada yiyələnib. Yeniyetmə ikən atasını itirdiyi üçün maddi sıxıntı çəkən ailəsinə yardım məqsədi ilə təhsilini yarımçıq buraxıb, kitab satışı ilə məşğul olmağa başlayıb. Bir müddət Çorumda müəllimlik edib, inzibati işlərdə çalışıb. 1922 ildə İstanbula dönüb, əvvəlcə Kişi Müəllimlər Məktəbindən, daha sonra isə İstanbul Universitetinin Ədəbiyyat fakültəsindən məzun olub. 1930 ildə müdafiə etdiyi diplom işi üçün də yaxından bələd olduğu “Məlamilik və məlamilər” mövzusunu seçib. Sonrakı illərdə ədəbiyyat müəllimi kimi Konya, Qayseri, Balıkəsir və Qastamonu liseylərində, İstanbuldakı Heydərpaşa liseyində, 1939 ildən isə Ankara Universitetinin Dil, tarix və coğrafiya fakültəsində fars dilini tədris eləyib. Vaxtilə tələbəsi olduğu İstanbul Universitetində islam və türk tarixində təsəvvüfün yeri ilə bağlı silsilə mühazirələr oxuyub.
1945 ilin aprelində solçu-marksist fəaliyyətinə görə 10 aylığa həbsə atılsa da, bəraət qərarı aldıqdan sonra təkrar pedaqoji fəaliyyətə dönüb. 1949 ildə isə öz istəyi ilə təqaüdə çıxıb. Əslən həmyerlimiz sayılan Ə.Gölpınarlı İstanbulun Üsküdar səmtinin Seyidəhməd məhəlləsindəki şiə məzarlığında torpağa tapşırılıb.
Alimin şərqşünaslıq mövzularına həsr olunan xeyli sayda elmi məqalə və araşdırması o dövrün nüfuzlu qəzet-jurnallarında dərc olunub. Bunlarla yanaşı, o, “İslam ensiklopediyası” və “Türk ensiklopediyası” üçün bir sıra mövzularla bağlı materiallar da hazırlayıb. “Divan ədəbiyyatı bunları bəyan edir” (1945) adlı kitabında sözügedən ədəbiyyatı ədəbi-tənqidi kontekstdən kənar və əsasən ideoloji baxımdan dəyərləndirdiyinə görə alim öz həmkarlarının sərt tənqidlərinə məruz qalıb.
114 kitabın və 400-dən çox elmi məqalənin müəllifi olan Ə.Gölpınarlının işıq üzü görən başlıca əsərləri aşağıdakılardır:
“Baqi: ədəbi şəxsiyyəti və təsəvvüfi görüşləri”, “Füzuli” (hər ikisi – 1932), “Yunus Əmrə” (1936, 1952), “Namiq Kamalın şeirləri” (1942), “Pir Sultan Abdal” (1943, 1953, 1981), “Yunus Əmrənin divanı” (1943-48), “Füzulinin divanı” (1950), “Nədimin divanı” (1951), “Mövlanə Cəlaləddin” (1951), “Mövlanədən sonra Mövləvilik”, “Şeyx Qalib: həyatı, sənəti, şeirləri”, “Xəyyam və rübailəri” (hamısı – 1953), “Divan şeiri” (5 cilddə, 1954-55), “Qurani-Kərim və şərhi” (1955), “Fəzlüllah Hürufinin vəsiyyətnaməsi”, “Rumelidə yörüklər, tatarlar və övladi-Fatehan” (hər ikisi – 1957), “On iki imam” (1958), “Nəsrəddin Xoca” (1961), “Mövlanə Cəlaləddinin məktubları” (1963), “Hacı Bəktaşi Vəlinin mənaqibi” (1958, 1963), “Mövləvi ədəbi və ərkanı”, “Ələvi-Bəktaşı nəğmələri” (hər ikisi – 1963), “Yunus Əmrə. Risalət əl-Nüsxiyyə və Divan” (1965), “Simavna qazısının oğlu Şeyx Bədrəddin” (1966), “Mövlanə Muzeyi əlyazmalarının kataloqu” (4 cilddə, 1967-94), “Hafizin divanı” (1968), “100 sual-cavabda Türkiyədəki məzhəblər və təriqətlər”, “100 sual-cavabda Təsəvvüf”, “Həzrəti Muhəmməd və islam” (hamısı 1969, 1985), “Şeyx Qalibdən seçmələr” (1971), “Türk təsəvvüf şeiri antologiyası” (1972), “Hürufi mətnlərinin kataloqu” (1973), “Məsnəvi”nin şərhi (6 cilddə, 1973), “Tarixdəki islam məzhəbləri və şiəlik” (1979), “Təsəvvüfdən dilimizə keçən deyimlər və ata sözləri” (1978), “Möminlərin əmiri Həzrəti Əli” (1978), İmam Əlinin “Nəhcül-bəlağa”, Ş.M.Şəbüstərinin “Gülşəni-raz” (1972), F.Əttarın, M.Füzulinin və M.C.Ruminin əsas əsərlərinin tərcüməsi, şərhi və sairə. Bunlardan əlavə, görkəmli alimin xeyli sayda tamamlanmadığı üçün çap olunmayan əsərləri də mövcuddur.
Mənbə: A.Yaşar. Müəllif barədə bilgilər // Ədəbiyyat qəzeti, 4.4.2023 // https://edebiyyatqazeti.az/news/tranlations/10129-o-kohne-ramazanlar