(26.3.1926, Bakı ş. – 27.2.2013, Bakı ş.) – tarixçi-şərqşünas, AMEA-nın müxbir üzvü (2001), tarix e.d. (1969), prof. (1993).
ADU-nun Şərqşünaslıq fakültəsində (1945) təhsil alıb, sonra Moskva Şərqşünaslıq İnstitutunun İran bölməsində (1946-50) və SSRİ EA-nın Şərqşünaslıq İnstitutunun aspiranturasında (1951-55) təhsilini davam etdirib. 1955 ildə Moskvada dissertasiya müdafiə edərək fəlsəfə doktoru adını alıb. Həmin il Bakıya qayıdaraq Azərb. EA-nın Tarix İnstitutunun Qədim və Orta əsrlər tarixi şöbəsində fəaliyyətə başlayan O.Əfəndiyev 1957-58, 1970-72 illərdə həmin şöbənin rəhbəri vəzifəsini icra edib. 1975 ildən isə “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Əfəndiyev Azərb. Səfəvişünaslıq məktəbinin banisidir. İlk dəfə məhz o, Səfəvilər dövlətinin Azərb. dövləti olmasını tutarlı elmi faktlar əsasında sübut etmişdir. Alim Səfəvi tarixi ilə əlaqədar bir sıra kitablar, monoqrafiyalar və qaynaqlar nəşr etdirmişdir. Bunlardan əlavə, o, Azərb. tarixi üzrə 10-a qədər ümumiləşdirici əsərin yazılmasında yaxından iştirak etmiş, müstəqillik illərində çapdan çıxmış yeddicildlik “Azərbaycan tarixi”nin üçüncü cildinin məsul redaktoru və əsas müəlliflərindən olmuşdur. Əfəndiyev həmçinin “ASE”nin, Moskvada dərc edilmiş çoxcildlik “SSRİ tarixi”nin və “Sovet Tarix Ensiklopediyası”nın, İstanbulda yayımlanmış “İslam Ensiklopediyası”nın müəlliflərindən olmuşdur. Əfəndiyev “Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya heyətinin üzvü idi. O öz elmi fəaliyyəti ərzində azərbaycanca, türkcə, rusca, ingiliscə, fransızca, farsca və s. dillərdə 200-dək elmi və ensiklopedik məqalə, məruzə, tezis, tarixi xəritə və s. nəşr etdirmişdir. Bu əsərlərin 50-dən çoxu respublikamızdan kənarda (Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Qazaxıstanda, Əfqanıstanda, Fransada, İngiltərədə, ABŞ-da və s.) çap olunub. Əfəndiyev 30-dək beynəlxalq elmi konfransın iştirakçısı olmuş, Sankt-Peterburqda, Moskvada, Almatıda, Tiflisdə, Suxumidə, Batumidə, Londonda, Madisonda, İstanbulda, Kayseridə, Ankarada, Bodrumda, Bağdadda və s. şəhərlərdə keçirilən elmi toplantılarda oxuduğu məruzələrlə Azərb. tarix elmini layiqincə təmsil etmişdir. Nüfuzlu alim bir müddət həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, müxtəlif vaxtlarda BDU-da və Türkiyənin Mərmərə Universitetində mühazirələr oxumuşdur. Əfəndiyev 1994–2004 illərdə Xəzər Universitetində çalışmış, burada fəaliyyət göstərən Qafqaz və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru olmuşdur. 2006-07 illərdə görkəmli alim Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının tarix üzrə ekspert şurasının sədri olmuşdur. Əfəndiyev Azərb. elminin inkişafındakı xidmətlərinə görə “Şərəf nişanı” (1986), və “Şöhrət” ordeni (2004) ilə təltif edilmişdir.
Əsərləri:
XVI əsrin əvvəllərində Azərbaycan Səfəvilər dövlətinin yaranması (rusca), Bakı, 1961
İsgəndər bəy Münşi, Tarixi-aləmarayi-Abbasi – (N.Musalı ilə birlikdə, ön söz, tərcümə, şərhlər və göstəricilər). I cild. Bakı, 2009 (azərbaycanca).
Mənbə: https://science.gov.az/az/forms/skanchavshiesya-chlenyikorrespondentyi/3367