Rayonda yaşamış islam alimlərindən, tarixi şəxsiyyətlərdən miras olaraq qalan bəzi əlyazmalar və başqa bu kimi əsərlərin çoxu mənfur islam düşmənləri tərəfindən yandırılmış, qarət edilmişdir. Bunlardan yalnız Tarix Diyarşünaslıq Muzeyində bir əlyazma Quran, fars dilində yazılmış iki əlyazma əsər və Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılan digər əlyazmalar salamat qalmaqdadır.
Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılan əlyazma əsərlərdən bir neçəsi şəxsiyyətlər bölümündə əsərin aid olduğu şəxsiyyətin həyatına aid məlumatda qeyd edilmişdir.
Bundan başqa, r-nun Bığır k. ərazisindən Risaleyi-Birqivi, Risaleyi-Qazızadə, Risaleyi-Rumi şərhlərinin əlyazması tapılmışdır. Bu əlyazmaların kimə aid olduğu məlum deyil və onlar Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılır.
1. Tarix-Diyarşünaslıq Muzeyində olan əlyazmalar
a. Qurani-Kərim
Bu əlyazma r-n Tarix-Diyarşünaslıq Muzeyində qədim eksponat kimi qorunub saxlanılır (İNV. 4740). Bu kitabın kim tərəfindən, neçənci ildə yazıldığı məlum deyil. Quranın üz qabığı və tarixi, kimə məxsus olduğu yazılmış vərəqlər məhv edilmişdir. Yazı kənarları düz xətlə əhatələnmiş bu kitabın ölçüsü 25×16 sm-dir. Bu əlyazma Nəsx xətti ilə yazılmışdır. Bu Quranda digər səhifəyə keçid almaq üçün vərəqin son qismində digər səhifədə olan ayənin ilk kəlimələri verilmişdir. Müasir Qurani-Kərimlərdə səhifələr standart olaraq 15 sətir nəşr edildiyi halda, burada səhifələr 16 sətirdən ibarətdir.
Bundan başqa, r-n Tarix-Diyarşünaslıq Muzeyində muzeyə aid eksponat kimi saxlanılan, yaşı bir əsrdən çox olan iki Qurani-Kərim vardır. (4739) Kazan çapı olan bu Quranların sahibinin kim olduğu məlum deyil.
b. Fars dilində olan iki əlyazma əsər
Qurani-Kərimdən başqa, r-n Tarix-Diyarşünaslıq Muzeyində fars dilində iki əlyazma əsər vardır. 40 səhifə həcmində olan bu əlyazmalarda islam tarixində baş verən bəzi hadisələrdən və Hz. Abbasdan (r.a.) bəhs edilir. Bu əlyazmaların hər ikisi eyni ölçüdədir. Tevki xətti ilə yazılmış bu əlyazmaların ölçüsü 20×14 sm-dir. (İNV. 5613) (İNV. 5614)
2. Hacı Ruslan Məmmədovun şəxsi kitabxanasında saxlanılan əlyazmalar
a) Sədi Şirazinin “Gülüstan”ı
Bu əlyazma Çərəkəli Əhməd Əfəndiyə məxsusdur. Əlyazmanın içində bu sözlər qeyd edilmişdir:
“Bu Gülistan kitabını mən Hacı Əhməd Əfəndi yazdım və həm verdim oğlum Abdulhəmid Namə, o biri oğlanlarımın ixtiyarlarını kəsdim bu kitabdan. Tarixi Səneyi İslamiyyə h.1326”.
Bu əlyazma Riqa xətti ilə yazılmışdır. 210 səhifə həcmində olan əlyazmanın ölçüsü 22×16 sm-dir.
b) Ərəb dilinin qrammatikasına aid əlyazma əsər.
Bu əlyazma Məhəmməd b. Hacı Zakir Əfəndi Bığırlıya məxsusdur. Bu əlyazma Riqa xətti ilə yazılmışdır. Bu əsər h.1332 ildə yazılmışdır. Bu əlyazmada ərəb dilinin qrammatikasından bəhs edilir. 180 səhifə həcmində olan bu əlyazmanın ölçüsü 17×22 sm-dir.
c) Tədbirnamə və Əsrarnamə
Bu əlyazma Divani və Riqa xətti ilə yazılmışdır. 150 səhifə həcmində olan bu əlyazmanın ölçüsü 11×17 sm-dir. Kitabın ilk səhifəsində “Bu Katibətul-Hurufəsəri Şirvan mahalından Çərəkə sakini Molla Həmid Əfəndi Hacı Cəbrayıl Əfəndi oğluna məxsusdur” sözləri yazılmışdır.
Bu əsəri Molla Həmid Əfəndi h. 1288 ildə Şəki qalasında həbsdə olduğu zaman yazmış və Bumlu Abbas bəyə göndərmişdir.
d) Seyid Əzim Şirvani İbtidai Qəzəliyyatı
Bu əlyazma Təvqi xətti ilə yazılmışdır. H. 1334 ildə yazılmış bu əlyazma Cəlaləddin Əfəndiyə məxsusdur. Əlyazmanın içində onun kim tərəfindən yazıldığı qeyd olunmuşdur.
“Bu kitabın sahibi Əsli Durucalı Göyçay sakini Cəlaləddin Əfəndizadə Heybətullah oğludur.” 180 səhifə həcmində olan bu əlyazmanın ölçüsü 10×17 sm-dir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”. Bakı, “İpəkyolu”, 2014, s. 114-117.