AZƏRBAYCAN AŞIQ SƏNƏTİNDƏ MULTİKULTURAL ÇALARLAR: ŞİRVAN AŞIQ MƏKTƏBİNİN GÖYÇAY MÜHİTİ
Aşıq sənəti çox qədim tarixi köklərə malik olan xalq yaradıcılığı sahəsidir. Tarixi inkişafı ərzində müxtəlif mərhələlərdən keçmiş aşıq sənəti bir çox mədəni dəyərləri özündə birləşdirmişdir. Bu sənət sahəsini öyrənərkən qarşımıza çıxan ilk suallardan birincisi “aşıq” sözünün etimologiyası ilə bağlıdır. “Aşıq” sözü ərəb mənşəli “aşiq” sözündən götürülüb və mənası “sevən” deməkdir. Yəni Allahı bütün qəlbi ilə sevən insan.
“Aşıq” sözünün etimologiyası daha qədim Varsaq, Yanşaq, Uzan-Ozan, Aşiq adlarından törəndiyi artıq elmə məlumdur. Aşıq sənətkarlarlar orta əsrlərdən xalq arasında xüsusi hörmət və rəğbətlə qarşılandıqları üçün onlar “əhli-həqq”, “haqq aşiqi” kimi adlandırılmışlar. Əksər aşıq mühitlərinin yayıldığı ərazilərdə Dədə və ya “haqq aşiqi” adlandırılan sənətkarlar dünyasını dəyişdikdən sonra onların məzarları ziyarətgahlara çevrilmişdir. Aşıqların xalq arasında böyük etimadı olmasını Gorus məktəb nəzarətçisi P.Vostrikov belə şərh edir. “Əhali aşığın sözünə tam mənası ilə inanır və etiqad bəsləyir. Bu kəndlərdə hətta savadlı ziyalılar aşıq qədər hörmətə malik deyildir. Kəndli alimə o qədər inanmır, nə qədər ki bu sadə xalq şair-müğənnisinə inanır”.