Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Göyçay Peşə Hazırlığı Mərkəzi Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq çərçivəsində iyunun 25-də Göyçayda “Aqroturizm və Məşğulluq” (#GöyçayFest) festivalı təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalda Göyçay və ətraf rayonlardan olmaqla, ümumilikdə 10 rayon və şəhərdən 40-a yaxın kənd turizmi, o cümlədən aqroturizmlə məşğul olan şəxsin təsərrüfatlarının təqdimatı keçirilib, eləcə də müxtəlif əl işləri olan şəxslərin məhsullarından ibarət sərgilər açılıb.
Festivalın açılışında Göyçay Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən İkram Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev, Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov, deputat Məzahir Əfəndiyev, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vahid Əliyev, Dövlət Turizm Agentliyinin nümayəndəsi Niyaz Əliyev, BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev və digər rəsmi şəxslər çıxış ediblər. Vurğulanıb ki, festivalın təşkilində əsas məqsəd regionda aqroturizm və ekoturizmin, eləcə də qastronomiyanın inkişafına dəstək olmaq, yerli sahibkarların aqroturizmə marağını artırmaq, aqroturizm sahəsində idarəetmə təcrübəsini təşviq etməklə əhalinin məşğulluq imkanlarını genişləndirmək, Peşə Hazırlığı mərkəzlərinin müdavimləri, xüsusilə də gənclər üçün əlavə gəlir və qazanc gətirən, həmçinin iqtisadi dayanıqlılığı özündə birləşdirən turizm növlərinin inkişafına dəstək göstərməkdir.
Festivalın əhəmiyyətindən danışan natiqlər aqroturizmin ölkəmizdə getdikcə daha geniş yayıldığını, əhalinin məşğulluğunun təmin olunmasında aqroturizmin geniş imkanlarının olduğunu bildiriblər.
Qeyd edilib ki, aqroturizm vasitəsilə kəndlərin sosial-iqtisadi inkişafına təkan verilir, yeni iş yerləri yaradılır, sosial-mədəni xidmət sahələrinin inkişafına yol açılır.
Festivalda iştirakçılar kənd təsərrüfatı, ictimai iaşə və aqroturizm istiqamətində maraqlı subyektlərin sərgiləri ilə tanış olublar. Habelə, bu istiqamətlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin məhsulları və həyata keçirilən layihələr nümayiş etdirilib.