1940 ilin əvvəllərində Azərb. səhiyyəsində diqqətəlayiq bir iş başlandı: Göyçayda yaşayış yerlərinin qaydaya salınması və təmizlik uğrunda kütləvi hərəkat əhalinin özfəaliyyəti, sağlamlığın qorunması uğrunda yeni mərhələ oldu. Göyçay tibb işçilərinin bu təşəbbüsü ilə partiya və Sovet orqanlarının rəhbərliyi altında 1940-41 illərdə yaşayış yerlərinin sanitar abadlaşdırılmasında kütləvi iş genişləndi. Azərb. Xalq Səhiyyə Komissarlığı təşəbbüsü bəyənərək bu təcrübənin Azərb. bütün rayonlarına yayılması haqqında 1940 il iyul ayının 27-də 1022 saylı əmr imzaladı. Əmrdə yuxarıda göstərilən tədbirlərlə yanaşı yoluxucu xəstəlikləri aşkar etmək, tapılan xəstəlikləri aradan qaldırmaq və qoruyucu peyvəndlər aparmaq məqsədilə bütün əhalinin başdan-başa kütləvi müayinəsini təşkil etmək tövsiyə olunurdu. Qeyd etmək lazımdır ki, bir il ərzində respublikada Göyçay hərəkatının həyata keçirilməsi nəticəsində çox böyük iş görüldü.
Məlumat V.Abdullayevdən alınıb.