(14.2.1894, Göyçay ş. – 6.2.1961, Bakı ş.) – hüquqşünas.
Aşqabad gimnaziyasını və İmperator Moskva Universitetinin Hüquq fakültəsini bitirib. AXC dönəmində o, müxtəlif vəzifələrdə çalışıb. 12 sentyabr 1918 ildə – hələ Bakı alınmazdan əvvəl vəkil köməkçisi Ağabəyov Ədliyyə Nəzarətinin (Nazirliyinin) əmri ilə Şamaxı Sülh Bölməsinin sülh hakimi (xırda mülki və cinayət işlərinə baxan hakim) təyin edilib. Ədliyyə naziri əvəzinin həmin günkü 467 saylı əmri ilə həmin vəzifədə qalmaqla Göyçay Sülh Bölməsinə və Göyçay 1 və 2-ci istintaq sahələrinə müdirlik etməyə ezam olunub. 14 sentyabrda verilmiş və ədliyyə naziri əvəzinin təsdiqlədiyi 474 saylı əmrlə İvanovka sülh və istintaq sahələrinə müdirlik etmək də ona həvalə olunub. Sentyabr ayında o, AXC-nin ədliyyə nazirinə raport yazaraq Göyçay istintaq sahələrində mövcud olan dəhşətli durumu – Göyçay Sülh Bölməsinin arxivinin darmadağın edildiyini, 300 köhnə işin tamamilə itdiyini, yalnız 3-4 mülki iş qaldığını təsvir edib.
7 oktyabrda nazirin 632 saylı əmri ilə Şamaxının sülh hakimi, Göyçay Sülh Bölməsinin müdiri Ağabəyova Göyçay 1 və 2-ci sahələrinin müdirliyini başqasına təhvil verərək İvanovka sülh sahəsinin müdirliyini qəbul etmək təklif olunub. 9 yanvar 1919 ildə Bakı Dairə Məhkəməsinin sədri Perçixin ədliyyə nazirinə məktub göndərərək Göyçay Sülh Bölməsinin sülh hakimi Ağabəyovun özünün birbaşa xidməti vəzifələrindən əlavə, Göyçay 1 və 2-ci və İvanovka istintaq və sülh sahələrinə də rəhbərlik etdiyini bildirib, heç olmazsa İvanovka istintaq və sülh sahələrinin müdirliyindən azad olunmasını xahiş edib. Perçixin 11 fevralda ədliyyə nazirinə göndərdiyi yenə təxminən eyni məzmunlu məktubda göstərir ki, Ağabəyovun xahişinə əməl olunmayıb. Bu məktubda bildirilib ki, Göyçayda Ağabəyovdan başqa məhkəmə sisteminin adamı yoxdur. 13 fevralda, nəhayət, nazirliyin 715 saylı əmri ilə İvanovkaya ayrıca sülh hakimi təyin edilib. 1918 ilin 7 dekabrında AXC-nin Məclisi-Məbusanı (Parlamenti) işə başlayıb. Ağabəyov 1919 ilin 23 martında Göyçaydan deputat seçilib və “Müsavat” fraksiyasının üzvü olub. Türk Ədəmi-Mərkəziyyət Firqəsi “Müsavat” fraksionunun 1 aprel 1919 ildə ona verdiyi vəsiqədə göstərilib ki, Göyçay sülh hakimi R.B.Ağabəyovun Bakıda olmasına ciddi zərurət yarandığına görə o, təcili şəkildə Göyçaydan çağırılıb. Vəsiqəni fraksion sədri Məhəmmədəmin Rəsulzadə və katibi Rəhim ağa Vəkilov imzalayıblar. 16 apreldə o, ədliyyə nazirinə ərizə yazaraq Parlament üzvlüyü ilə dövlət xidmətinin bir araya sığmadığını göstərib və bu üzdən vəzifədən istefa verdiyini bildirib. Ədliyyə Nazirliyinin 16 aprel 1919 il tarixli əmri ilə Göyçay Sülh Bölməsinin sülh hakimi Ağabəyov ərizəsinə əsasən vəzifəsindən və ümumən xidmətdən azad edilib. 17 avqust 1919 ildə Azərbaycan Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın iclası keçirilib. Burada iştirak edən 15 deputatın içərisində Ağabəyovun da adı keçir. Həmin yığıncaqda Məhəmmədəmin Rəsulzadə sədr olmaqla Mərkəzi Komissiyanın 4 nəfərlik tərkibi seçilib. 16 noyabr 1919 il tarixli bir sənəddə Ağabəyovun vəzifəsi Daxiliyyə Nəzarəti (DİN) idarə müdirinin əvəzi kimi göstərilib. Cümhuriyyət hökuməti devrildikdən sonra o, vəkilliklə məşğul olub. 1924 ilə aid “Bütün Azərbaycan” nəşrində Ağabəyovun Vəkillər Kollegiyasının üzvü olduğu, Əli Bayramov küçəsi 23-də vəkillik etdiyi qeyd olunur.
Mənbə: http://www.nkpi.az