Eldar Göyçaylı (1908 – 1970, Göyçay ş.) – el pəhləvanı.
Gənc yaşlarından məşhur güləş ustası Rəşid Yusifovun yanında topladığı təcrübə onu istər idman, istərsə də sirk aləmində tanınmış sənətçilərdən birinə çevirib. O, 1933 il sentyabrın 14-17-də Gəncədə keçirilən fransız güləşi üzrə peşəkar pəhləvanların yarışına dəvət olunub. O dövrün ən güclü və məşhur pəhləvanlarının iştirak etdiyi bu çempionat yeni bir güclü rəqibi – Eldar Göyçaylını üzə çıxarıb. Hər bir çıxışı gurultulu alqışlara səbəb olan Eldar bu yarışlarda bacarıqlı və mahir atlet kimi tanınaraq birinci yeri tutub. Çempionatın I dərəcəli diplomunu və priz alıb. 1934 ildə E.Göyçaylı yenidən Gəncəyə dəvət olunub. SSRİ-nin məşhur hakimi Pyotr Yelizarovun rəhbərliyi altında keçən bu yarış böyük sensasiyaya səbəb olub. Burada güləşlə yanaşı, ağırlıqqaldırma üzrə də yarışlar keçirilirdi. Göyçaylı ağırlıqqaldıranlar arasında birinci yeri tutub. Yarışların növbəti mərhələsində güləş başlanıb. Göyçaylı bütün peşəkar pəhləvanlarla güləşib və əksəriyyətinə qalib gəlib. Rəşid Yusifov və Pavel Zaqoruyko ilə görüşü isə heç-heçə qurtarıb. Göyçaylı elə həmin dövrdə özünün güləş texnikası və səhnə mədəniyyəti ilə gənclərin məhəbbətini qazanıb.
Göyçaylı 1935 ildə yenidən çempion adını qazanıb. Bundan sonra bir çox pəhləvanlar onu yarışa çağırmağa başladılar. Y.Krauze, B.Şturman və başqaları gənc pəhləvanla güclərini sınayıblar. Bütün görüşlərdə Eldar rəqibləri üzərində parlaq qələbə qazanıb. 1938 ilin yayında Göyçaylı Çerkassk Dövlət Sirkinə dəvət alır. Görüşdən-görüşə bərkiyən və daha inamla çıxış edən pəhləvan bu dəfə də V.Boqatırev, Q.Sedyuk, P.Zaqoruyko, L.Videlman, Q.Petrenko, M.Maçabeli, M.Borisov kimi nəhənglərlə fransız güləşi və ağırlıqqaldırma üzrə sona qədər mübarizə apararaq öz azarkeşlərinin ümidlərini doğruldur. E.Göyçaylı zəhmətkeşlər qarşısında da maraqlı tamaşalarla çıxış edirdi. 1933-36 illərdə Zaqafqaziyaya böyük səfəri zamanı Azərb.-ın r-nlarını qarış-qarış gəzərək Gürcüstanda və Ermənistanda da olub. O, tez-tez sirkin atletləri sırasında müxtəlif hərbi hissələrdə, zabit klublarında çıxışlar edər, əsgərləri döyüşə ruhlandırardı. Göstərdiyi nömrələrdən sonra onun ünvanına saysız-hesabsız təşəkkür məktubları gələrdi. Göyçaylı ömrünün sonuna qədər idman və sirk fəaliyyəti ilə yanaşı, Kürdəmir və Şamaxı r-nlarında müxtəlif vəzifələrdə çalışıb.
Mənbə: Ə.Əsgəroglu. “Göyçaydan başlanan ömür yolu”. “Azərbaycan” nəşriyyatı, Bakı, 2000, s. 115.