Məmmədov Adil Vəli oğlu (13.1.1954, Göyçay r-nu Yenikənd k.) – şair-publisist, pedaqoq, Əməkdar müəllim (2011), AYB-nin üzvü (2022).
APİ-nin Filologiya fakültəsini bitirib (1975). Sonra təyinatla Göyçay r-n Xalq Maarif Şöbəsinə göndərilib. 1975-76 illərdə Göyçay r-nunun Alxasava k. natamam orta, 1976-86 illərdə Göyçay r-nunun Qarabağlar k. orta məktəblərində müəllim kimi fəaliyyətini davam etdirib. Daha sonra Göyçay r-n Təhsil şöbəsində inspektor (1986-88) və Nizami adına Göyçay ş. 7 saylı tam orta məktəbində direktor vəzifəsində çalışıb (1988–2018). 2018 ildən “Göyçay” qəzetinin redaktoru vəzifəsində çalışır. 1978-82 illərdə Azərb. EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında (qiyabi) oxuyub. Təhsil sahəsindəki uğurlarına görə Azərb. Resp. maarif nazirinin əmri ilə ona “Müəllim-metodist” (1983), resp. təhsil nazirinin əmri ilə “Ali kateqoriyalı müəllim” (1995) adı verilib. Azərb. Resp. təhsil nazirinin qərarı ilə “Azərbaycan SSR Xalq Maarifi əlaçısı” nişanı ilə təltif edilib. Resp. pedaqoji mühazirələrində oxuduğu dərinməzmunlu və maraqlı mühazirəsinə görə Fəxri fərman almışdır.
2009 ildə direktoru olduğu məktəb Resp. Prezidenti İ.Əliyevin sərəncamı ilə “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi elan edilib. Məmmədov 1970 illərdən bədii-publisistik, 1980 illərdən elmi-publisistik yazılarla resp. mətbuatında çıxış edir. Şeirləri, ədəbi-tənqidi, publisistik məqalələri “Ədəbiyyat və incəsənət”, “Ədəbiyyat”, “Yeni həyat”, “Göyçay” və s. qəzetlərdə, “Azərbaycan”, “Azərbaycan məktəbi” jurnallarında, “Dan yeri”, “Ömürlərdən səhifələr” almanaxlarında çap olunub. “Ürək göylərə can atır”(2004) və “Yağış yüklü bulud”(2019) şeirlər kitablarının müəllifi, 6 kitabın redaktorudur. Azərb. televiziyasında (“Məclisi-üns”, Mədəniyyət kanalının “Qobustan”, Sözün sehri”, “Xəmsə” Azərbaycan dili verilişlərində) şeirlərlə, ədəbiyyatın və dilin problematik məsələləri ilə bağlı çıxışlar edib. Müxtəlif mətbuat orqanlarında Yunus Əmrə, M.Füzuli, S.Vurğun, R.Rza, Ə.Kərim, M.Araz, Ə.Əmirli, M.Çəmənli, Q.İsmayılov, İ.Tuncay, M.Əhmədoğlu və başqaları haqqında elmi-publisistik yazıları çap olunub. 2007 ildən “Ədalət” qəzetində vaxtaşırı elmi və publisistik yazılarla çıxış edir. “Publisistikanın hüdudları və hüdudsuzluğu”, “Unudulan və ya unutdurulan Əli Kərim”, “Bir təbəssümün işığı”, “Epitetlərə sığmayan şair”, “Tənqid nəcib sənətdir”, “Mənəvi aşınmalar məngənəsində” və s.yazıları mütəxəssislər və oxucular tərəfindən maraqla qarşılanıb. Mətbuatda gedən yazılarına görə Azərb. Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının “Şərəf” fəxri mükafatına (2010) və “Azərbaycan–Amerika Mədəniyyət Mərkəzi” Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülüb.
Məlumat A.Məmməddən alınıb.