(14.9.1922, Göyçay qəz. Cəyirli k. – 4.10.2005, Göyçay r-nunun Cəyirli k.) – İkinci Dünya müharibəsində partizan hərəkatının fəal üzvü, Sovet İttifaqı Qəhrəmanı M.Hüseynzadənin silahdaşı.
Göyçay Pedaqoji Texnikumunu (1940) və M.Axundov adına Azərb. Pedaqoji Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib (1968) və ona orta məktəbdə Rus dili və ədəbiyyatı müəllimi ixtisası verilib. Sonra isə Azərb. Xalq Maarif Komissarlığının əmri ilə Zərdab r-nuna müəllim vəzifəsinə göndərilib. 1941 ildə Zərdab r-nunun Dəkkəoba k.-də tarix və coğrafiya fənlərindən dərs deməyə başlayıb. 1942 il yanvarın 14-də cəbhəyə yollanıb. İlk əvvəl Krasnodar, Mozdok, Donbas uğrunda gedən döyüşlərdə iştirak edib. Sonra isə Oryolun, Tulanın azadlığı uğrunda vuruşub. Ukraynada yaralanaraq əsir götürülüb və əvvəlcə Polşaya, sonra isə Yuqoslaviya ərazisinə aparılıb. Orada əfsanəvi Mehdi Hüseynzadə (Mixaylo) ilə tanış olub və onun köməyi ilə əsirlikdən qaçaraq Yuqoslaviya Xalq Azadlıq Ordusunun doqquzuncu korpusunun on səkkizinci “Bozavişko” briqadasının üçüncü batalyonuna daxil olub. “Partizan Aleksandr” adı ilə tanınan İsgəndərov bir sıra əməliyyatlarda uğurla iştirak edib. Daha sonra Minamyot və ağır pulemyotçular rotasının komandirliyinə təyin olunub.
İsgəndərov müharibədən sonra öz bacarığını əmək cəbhəsində sınayıb. O, 1950 illərdə sürücülük kursunda oxuyaraq bu peşəyə də yiyələnib və müxtəlif vaxtlarda sürücü kimi fəaliyyət göstərib. 1964-65 illərdə Göyçay rayonlararası avtovağzalında sürücü, sonra isə qaraj müdiri işləyib. Daha sonra Tarix Muzeyinə rəhbər işə keçirilib. 1970 ildə Göyçay r-n İcraiyyə Komitəsində təşkilat şöbəsinin müdiri, bir qədər sonra K.Marks adına kolxozda (Çaxırlı k.) sədr işləyib. 1971-73 illərdə 106 saylı Texniki Peşə Məktəbində direktor, 1973–81 illərdə Cəyirli k.-də (S.Kirov adına kolxoz) kolxoz sədri vəzifəsində işləməyə başlayıb. O, müxtəlif illərdə Yuqoslaviyanın “İgidliyə görə” medalı (1944), “İgidliyə görə” ordenləri (1945 və 1958), Qələbənin 20, 25, 30, 35, 40-cı ildönümü medalları, “Əmək veteranı” medalı ilə təltif edilib. 1982-95 illərdə Dövlət Arxiv İdarəsinin Göyçay filialının müdiri işləyib.
Məlumat A.Kəngərlidən alınıb.