Ayətullah Mirfazil ağa Mirtalıb oğlu (XIX əsrin 60 illərinin əvvəlləri, Şirvan ş. – 4.1942, Bakı ş.) – ötən əsrin əvvəllərində Göyçayın din xadimi.
Ayətullah Mirfazil ağa Mirtalıb oğlu xan ailəsində anadan olmuşdur. Mirfazil ağanın şəcərəsindən onun imam Museyi Kazım (r.a.) nəslindən olduğu aydın olur, yəni Əl-Musəvi seyidlərindən olduğu aydınlaşır. Mirfazil ağa ilk təhsilini Şamaxıda almış, sonra İraqın Nəcəfül-Əşrəf ş.-nə getmiş və orada 30 ilə qədər təhsil almışdır. Arada gedib 4 il Türkiyədə oxumuşdur. Təhsilini bitirib 1906 ildə vətənə qayıtmışdır. Nəcəfdə oxuyarkən ərəb qızı Raziyə xanımla evlənmişdir.
12 il Şamaxıda axundluq etmişdir. Şamaxının müctəhidi Mirmehdi ağa Mirfazil ağanı özündən sonra bütün Şamaxı mahalının alimi vəsiyyət etmişdir. 1918 ildə ermənilər Şamaxıya hücum edərkən Mirfazil ağa ailəsi ilə Göyçaya gəlmişdir. Bir müddət Potu k. məscidində, daha sonra isə Göyçay Yuxarı məscidində alimlik etmişdir.
Mirfazil ağa xalq arasında böyük nüfuz sahibi olmuşdur. Göyçay və ətraf mahalların əhalisi şəriət məsələlərində ağadan məsləhət alarlarmış. Ağa yetimlərə əl tutar, kimsəsizlərə yardım edər, gələn nəzir-niyazı yoxsullara paylayarmış. Gecənin yarısı yoxsulların qapısına gedər, un, buğda torbasını qapının ağzına qoyar, əsa ilə qapını vurub evə qayıdarmış. Ev sahibi qapıya çıxıb, heç kəsi görməz və qapı ağzına qoyulmuş ərzağı götürərmiş. Ağa evdən çıxanda üzünü niqabla örtərmiş. Hətta Göyçayda yaşayan ruslar ağanı görəndə xaç vurub baş əyər, ağaya “svyatoy” (müqəddəs) deyərlərmiş.
Ancaq repressiya ağadan da yan keçməmişdir. O, dəfələrlə cərimə olunmuş, onun ev əşyaları müsadirə edilmişdir. Nəhayət, 1941 ilin iyun ayının 23-də Mirfazil ağa həbs olunmuşdur. Onu aparanda dustaq maşını işə düşməmişdir. Ağa maşından düşəndən sonra maşın işə düşmüşdür. O, həbsxanaya ayaqla getmişdir. Bir müddət sonra ona məhkəmə qurulmuşdur. Yalançı şahidləri onun üzünə durdular. Ağa məhkəmədə demişdir ki, seyidlərlə mübahisə etməyin. Kim seyidlərlə mübahisə etsə, dağ da olsa, məhv olar. Mirfazil ağa bütün yalançı şahidlərin yalanını üzünə demişdir. Ancaq sifariş yuxarıdan verilmişdi, o həbs olunmalı idi. Hakim ona 10 il həbs cəzası verdi. Bu vaxt ağa gözlərini səmaya qaldırıb bir ah çəkib, gözlərini endirib. Həmin an prokuror məhkəmə zalında ölüb. Bir müddətdən sonra hakim də ölüb.
Ağanı əvvəlcə Gəncə həbsxanasına, sonra isə Keşlə və Bayıl həbsxanasına aparıblar. Onunla həbsxanada olanlar və onların qohumları həbsxanada olarkən ağanın kəramətlərindən danışırlar. Sübh vaxtı görürmüşlər ki, kameranın qapısı açılmış və ağa çöldə dəstəmaz alır. Nəhayət, 1942 ilin aprelində ağa həbsxanadan yox olmuşdur. İnzibati orqanlar ağanın evini axtarıblar, onun ailəsi tərəfindən həbsxanadan qaçırıldığını demişlər. Ağanın oğlanlarını NKVD-yə aparıb incitmişlər ki, ağanı siz qaçırmısınız.
2001 ilin yanvar ayının əvvəllərində Tehran televiziyası Ağa haqqında xüsusi verilişi efirə veriblər. Mirfazil ağa 7 dəfə həcc ziyarətində olmuşdur. Onun yazdığı “Risalə” (şəriət kitabı) Nəcəf ş.-dəki dini mərkəzdə saxlanılırdı. Həmin əsər hal-hazırda Qumdakı dini mərkəzdədir.
İnsanlar bu gün də Mirfazil ağanı unutmur, ocağına gedib-gəlir, onun işıqlı xatirəsini qəlblərində yaşadırlar.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 85-87.