Aşağı Qaraməryəm k. r-n mərkəzindən 34 km c.-ş.-də, Yuxarı Şirvan kanalı boyunda, Müsüslü-Göyçay avtomobil yolu kənarında yerləşir. Bu kənd r-nun ən qədim kəndlərindəndir. R-nun tarixi məscidlərindən biri də bu kənddədir. Məscid kəndin Yuxarı məhlə deyilən ərazisində yerləşir. Bu məscidin başı çox ağır bəlalar çəkmişdir. Bu məscidin nə tarixi, nə də kim tərəfindən tikildiyi məlum deyil. Kənd sakini Şöhrət Cəfərovun böyüklərdən eşitdiyinə görə, bu məscid iki dəfə 1905 ildə, bir də 1918 ildə ermənilərin bu ərazilərə hücumları zamanı ermənilər tərəfindən yandırılmışdır. Ancaq məscidin divarları salamat qalmışdır. Məscid divarının qalınlığı 120 sm-dir. Sovet hakimiyyəti illərində bina təmir olunmuş, bir müddət kitabxana, taxıl anbarı, daha sonralar isə təxminən 1960 ildən sovet hakimiyyəti dağılana qədər isə məktəb olmuşdur. 1991-92 illərdə sovet hakimiyyəti dağıldıqdan sonra məscidin yenidən fəaliyyət göstərməsi üçün kənd ağsaqqalları şikayət etmiş və o gündən məscid geri qaytarılaraq fəaliyyətə başlamışdır. 2007 ilin əvvəllərində kənd camaatının köməkliyi ilə məscid yenidən əsaslı şəkildə təmir olunmuşdur.
Bina düzbucaqlı formada olub, ümumi sahəsi 260 kv.m-dir. İbadət zalı 20 m uzununda, 10 m enində 200 kv.m-dir. Məscidin binası çiy kərpicdən hörülmüşdür. Məscidin tavanı 4 taxta dirək üzərindədir. İbadət zalının işıqlı olması üçün 4 şimal, 4 cənub, yəni qiblə, 2 qərb tərəfdə olmaqla 10 pəncərəsi və zala daxil olmaq üçün 2 qapısı vardır. Qapılar qiblə tərəfdəndir. Kənd sakini Ş.Cəfərovun dediklərinə görə, məscidin qapıları əvvəllər şm. tərəfdən idi. Sonralar oradan arx çəkildiyi üçün qapılar qiblə tərəfə keçirilmişdir. Məscidin önündə 2 m enində 8 dəmir dirək üzərində məscid boyu uzanan açıqşəkilli eyvan vardır. Binanın dam örtüyü şiferdir. Minarəsi damın üzərində 2 m hündürlüyündədir.
Məscid kənd camaatının göstərdiyi maddi və mənəvi yardım nəticəsində müqəddəs bir abidə kimi qorunur.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 48-49.