Qəbələ Müskürlü kəndi r-n mərkəzindən 17 km c.-q.-də, Göyçay–Ucar şose yolu kənarında yerləşir. Tarixi baxımdan Müskürlü və Qəbələ Müskürlü k.-lərinin adları çox böyük maraq doğuran adlardandır. Belə ki, erkən orta əsrlərdə Qafqaz Albaniyasının şm.-ş. hissəsində maskutlar yaşayıblar. Hansı ki, eramızın I əsrindən burada onların knyazlıqları olub. Moisey Kalankatuyun “Alban tarixi” kitabında maskutların yerləşdiyi ərazi “Maskutların ölkəsi” adlandırılmışdır. Belə güman edilir ki, maskut, maskat etnonimi Müskür toponimində qorunub saxlanılmışdır. Bu ad haqqında ilk məlumat XIII əsrdə verilmişdir.
Məscidi Mustafa babanın oğlu İslam baba tikdirib. Məscidin inşasında çiy kərpicdən istifadə olunmuşdur. Məscidin dam örtüyü və döşəməsi 2 dəfə yenilənmişdir. 1979 ildə Mustafa babanın nəslindən olan Yusif müəllim bu binanın dam örtüyünü təzələtmişdir. Camaat arasında məscid kimi qəbul olunsa da, bu bina hücrə formasında kiçik ölçüdə tikilmişdir.
Binanın ümumi sahəsi 45-50 kv.m-dir. İbadət etmək üçün olan otağın eni 3,70 m, uzunluğu 6,80 m-dir. Buranın 1 ş.-də, 1 q.-də olmaqla 2 pəncərəsi və 1 giriş qapısı vardır. Qapı şm. hissədədir. Binanın şm. və ş. hissəsində məscid eni boyu uzanan 1,60 m enində eyvan vardır. Bu məsciddə bu gün ibadət edilməsə də, məscid müqəddəs məkan kimi qorunub saxlanılır. İbadət etmək üçün camaat yeni məsciddə toplanır.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, İpəkyolu, 2014, s. 50-51.