Mirzəhüseynli k.-nin iki yüz illik bir tarixi vardır. Bu k.-in əhalisinin Şamaxı r-nundan gəldiyini deyirlər. Kənd sakini 70 yaşlı E.Mustafayevin dediklərinə görə, bu k. salındığı zamandan burada məscid olmuşdur. Məscid k.-in mərkəzində yerləşir. Məscid çiy kərpicdən, kirəmit örtüklü idi. Burada kişi və qadınların ayrı-ayrılıqda ibadət etmələri üçün hər cür şərait vardır. Sovet hakimiyyəti qurulduqdan 1940 ilə qədər məsciddən pambıq qurutma məntəqəsi kimi istifadə olunmuş, 1946 ildən sovet hakimiyyəti dağılana qədər isə 4 illik məktəb kimi fəaliyyət göstərmişdir. 1992 ildə bu məscid tamamilə yararsız hala düşmüşdür. Həmin vaxt bu k.-ə Hacı Mahmud adında imkanlı bir şəxs gəlmişdir. O, xeyirxah bir insan kimi bu k.-də dəyirman tikdirmək istəyirdi. Kənd camaatı ilə məsləhətləşdikdən sonra camaat təklif etmişdir ki, məscidimiz çox yararsız haldadır. Bu məscidi yenidən bərpa etmək lazımdır. O bu təkliflə razılaşdıqdan sonra 1993 ildə köhnə məscid sökülmüş və həmin yerdə yeni məscidin inşasına başlanmışdır. Məscidin inşası üçün siyahı tutulmuş, hər gün beş evdən bir nəfər tikintidə çalışmışdır. Təxminən bir il sonra məscid istifadəyə verilmişdir.
Məscid binası düzbucaqlı formada olub, ümumi sahəsi 164 kv.m-dir. İbadət zalı 14 m uzunluğunda, 10 m enində 140 kv.m-dir. İbadət zalının işıqlı olması üçün binanın hər bir tərəfində 2 olmaqla 8 pəncərəsi və ibadət zalına daxil olmaq üçün 2 qapısı vardır. Qapılar şm. hissədəndir. Binanın 4 m enində, 6 m uzunluğunda açıqşəkilli eyvanı vardır. Abidənin divarı ağ və qırmızı kərpiclərdən insan zövqünü oxşayacaq gözəllikdə çəkilmişdir. Məscidin damı ağ dəmir örtüklə örtülmüş, minarəsi damın üzərində 2 m hün.-də səkkizguşəli olub, qübbəsi dəmir təbəqə ilə örtülmüşdür. Minarəyə çıxmaq üçün binanın q. hissəsindən dəmir pilləkənlər mövcuddur. Məsciddə heç bir bəzəkdən istifadə olunmamış, sadə üslubda təmir edilmişdir.
Mənbə: İ.Musayev. “Göyçay rayonundakı dini abidələr və tarixi şəxsiyyətlər”, Bakı, “İpəkyolu“, 2014, s. 53-55.