(30.12.1915, Şamaxı ş. – 10.2.1991, Bakı ş.) – geoloq.
1918 ildə erməni daşnaklarının Şamaxıda törətdikləri qırğınlardan sonra ailəsi ilə birgə Göyçaya pənah gətirib. 1938 ildə Azərb. Sənaye İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirib və Azərb. SSR Nazirlər Soveti yanında Geologiya İdarəsində işə başlayıb. 1938-40 illərdə Qaradağ Sement Zavodu üçün əhəng daşı və gil axtarışları ilə məşğul olub. Böyük Vətən müharibəsi iştirakçısı olan Musayev 24-cü Qafqaz diviziyasının 3-cü alayında kimyayönlü rotada Sevastopola göndərilib. Döyüşlərin birində əsir düşüb. Lakin bir neçə dəfə əsir düşərgəsindən qaçıb. 1944 ildə Sovet Ordusu Sevastopolu azad edənədək Krımın Kolay ş.-də çalışıb. 1945 ildə Musayev Bakı qarnizonu hərbi tribunalının hökmü ilə ittiham olunur və ona 10 il iş kəsilir.
1947 ildə QULAQ-ın sifarişi ilə o, Qazaxıstanın Semipalatinsk ş.-də Altay Qızılçıxartma mədənində, sonra Cezqazqan, Karaqanda vilayətlərinin müxtəlif sahələrində geoloji-axtarış, mühəndis-geoloji, çöl-geoloji işlərdə çalışıb. Musayev vətənə qayıdandan sonra 1955 ildə Azərb. Geologiya İdarəsinin Kür-Araz partiyasının Mil-Qarabağ sahəsində işə qəbul olunub. Musayev Azərb.-da qızıl yataqları axtarışının təşəbbüskarı və təşkilatçısı olub. Onun rəhbərliyi altında Kəlbəcərin Ağdüzdağ, Dəlidağ, Tutqun və Söyüdlü çay sahələrində qızıl axtarışı işləri aparıb. 1965 ildə Böyük Qafqazın c. yamaclarında Katex Geoloji kəşfiyyat partiyasının rəisi, 1967-71 Kiçik Qafqaz Geoloji kəşfiyyat ekspedisiyasının sədri, 1971-72 illərdə Baş Qafqaz Geoloji ekspedisiyasının baş mühəndisi olub. Hazırda Kəlbəcər dağlarındakı aşırımlardan birinə – Ömər aşırımına onun adı verilib.
Məlumat ailəsindən alınıb.