(1920, Gəncə ş. – 1971, Göyçay ş.) – şair, səhiyyə işçisi, Böyük Vətən müharibəsi iştirakçısı, Dövlət Təhlükəsizlik Komitəsinin zabiti.
M.Mehdiyev əslən İrəvan şəhərindəndir. Əmisi Yusif Səbri İrəvan ş.-nin tanınmış ziyalılarından olub. XX əsrdə Azərb.-da nəşr olunan “Tuti”, “Babayi-Əmir” jurnallarında müntəzəm olaraq məqalələrlə çıxış edib.
1918 ildə Qərbi Azərb.-da ermənilər azərbaycanlılara qarşı soyqırımı törədəndə ailəsi Gəncə ş.-nə köçmüşdür. M.Mehdiyev körpə olarkən valideynləri vəfat etmiş, onu Bakıda yaşayan bibisi böyütmüşdür. 1939 ildə Bakı Tibb Məktəbinin əczaçılıq şöbəsini bitirdikdən sonra təyinatla Göyçaya gəlmiş, Göyçay r-n 66 №-li mərkəzi aptekdə işə başlamışdır. 1941 ilin iyul ayında könüllü olaraq cəbhəyə yollanmışdır. Bir neçə aydan sonra leytenant rütbəsi almışdır. O, 101-ci atıcılıq briqadasının tibbi-sanitar rotasının komandiri olmuşdur. 1942 ildə Rjev ş.-də ağır yaralanmış, sağaldıqdan sonra yenidən cəbhəyə qayıtmışdır. Cəbhədə göstərdiyi fədakarlığa görə 23.3.1944 ildə “Döyüş xidmətinə görə”, 9.6.1945 ildə isə “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif edilmişdir.
Müharibədən sonra Göyçaya qayıtmış, 1945 ildən Dövlət Təhlükəsizlik Komitəsinin Göyçay şöbəsində işləmişdir. DTK.-nın r-n şöbəsi ləğv olunduğu üçün 1960 ildə Göyçay xüsusi hərbi aptekin müdiri vəzifəsinə təyin edilmiş, ömrünün sonuna kimi həmin vəzifədə işləmişdir. 1968 ildə “Sovet Ordusunun 50 illiyinə görə” medalı ilə təltif edilmişdir. Tibb sahəsində göstərdiyi xidmətlərə görə “Səhiyyə əlaçısı” fəxri adına layiq görülmüşdür. M.Mehdiyev yaradıcılığa gənc yaşlarından başlamış, lirik və satirik şeirlər müəllifi kimi tanınmışdır. Şeirləri “Qalibiyyət”, “Yeni həyat”, “Azərbaycan gəncləri” qəzetlərində, “Kirpi” jurnalında çap olunmuşdur. O, 1960 ildə rayon qəzetinin redaksiyasında “Pöhrələr” adlı ədəbi dərnək yaratmış, istedadlı gəncləri həmin dərnəkdə birləşdirmiş, ömrünün sonuna kimi həmin dərnəyin rəhbəri olmuşdur. Şeirləri “Ürəkdə nisgil qalmasın” (2005) kitabında toplanmışdır.
Mənbə: A.Məmməd. “Şair ömrünün poetik yadigarı”, “Ürəkdə nisgil qalmasın”. Bakı, 2005, s. 5-8.