Mifoloji qaynaqlardan qəbul olunmasının nəticəsidir ki, birlik, bolluq və ölməzlik rəmzi daşıyan, çox vaxt da cənnət meyvəsi kimi dəyərləndirilən nar uzun əsrlərdir Azərbaycan təsviri və tətbiqi sənətində önəmli kompozisiya elementi kimi istifadə olunmaqdadır. Adı müqəddəs kitabımız “Qurani-Kərim”də çəkilən nara bədii-yaradıcı münasibət ilk olaraq ondan rəmzi-fəlsəfi məna daşıyıcısı olan naxış elementi kimi istifadədən başlamış, sonradan ona maraq tablolarda və qrafik lövhələrdə ifadəsini tapmış, ən nəhayət, dekorativ-tətbiqi sənətdə və heykəltəraşlıqda ilham qaynağına çevrilmişdir. Orta əsrlərə aid olan “Vərqa və Gülşa” (XIII əsr) əlyazmasına çəkilən çoxsaylı miniatürlərin arasında nar ağacı təsvirinin yer alması da sirr qatına çevrilmiş bu meyvəyə qədim dövrlərdən yaradıcı marağının mövcudluğunu təsdiqləyən faktdır. Sonrakı əsrlərdə yaradılan miniatür üslublu əsərlərdə də nar təsvirinə rast gəlinir.
Nar təsviri bəzək elementi kimi sarayların və iqamətgahların, şəxsi malikanələrin də divarlarını bəzəyən freskaların ayrılmaz elementi olmuşdur. Buna Şəki Xan sarayının (XVIII əsr) və İrəvandakı Sərdar sarayının (XVIII əsr), Şuşa, Şamaxı, Quba və Bakı şəhərlərindəki memarlıq tikililərinin (XVIII-XIX əsrlər) divar rəsmlərinin timsalında əmin olmaq mümkündür. Onları yaradan rəssamların sırasında Mirzə Qədim İrəvani, Usta Qənbər Qarabaği, Mir Möhsün Nəvvab və digər məşhur fırça ustaları olmuşlar. Bu ənənəni XX əsrdə SSRİ Xalq rəssamı Toğrul Nərimanbəyov davam etdirmiş, Azərbaycan Dövlət Kukla Teatrının foyesində, Azərbaycan Respublikası Milli Məclisinin interyerində, keçmiş “Moskva” hotelinin divarlarında çəkdiyi rəsmlərdə nar təsvirindən geniş istifadə etmişdir. O həm də nar təsviri olan çoxsaylı rəngkarlıq tablolarının müəllifidir.
Dünya şöhrətli fırça ustası, Azərbaycan təsviri incəsənətinin görkəmli nümayəndələrindən olan Toğrul Nərimanbəyovun nar barədə maraqlı fikirləri vardır. O deyirdi: “Mən narı xüsusilə Göyçaya gedəndən sonra sevdim. Biz böyük şair R.Rza ilə birgə o rayona ova gedirdik. Mən Göyçayda böyük nar bağlarını görəndə sarsıldım. Bakıya qayıtdım və onları çəkməyə başladım. Sonralar isə aludə olub nar mövzusuna bir sıra rəsmlər çəkdim. İlk işlərimdən birinin adı elə “Göyçay bağlarında” idi. Mən onda anladım ki, nar özündə çoxlu məna, fikir daşıyır. O elə bardır ki, insana bayram bəxş edir. Nar çəkəndə məni elə hiss bürüyür ki, sanki nar şirəsi içirəm. Təzələndirir, gümrahlandırır, fərəh verir. Nar fenomenal, açılmamış bir bardır. Onun keyfiyyətləri on illər boyu açılacaq. İnsanlar ona çox və daha çox heyran olacaqlar. Mən narı çox sevirəm. Onları yalnız çöldən çəkmirəm, həm içini, həm də mahiyyətini çəkirəm. Məsələn, mən şəhər çəkirəmsə, bilməliyəm ki, bu evdə kim yaşayır. Bu evin içindəki nədir, bərbərxana, yoxsa nə? Mən şəhəri onun daxili məzmunundan keçməklə açıram. Eləcə də narı. Mən onun təkrarolunmaz şirəsindən, şərbətindən bəhs edirəm” [1, s.8].
Onun yaratdığı tablolarda Azərbaycan təbiətinin, bərəkətli torpağının yetirdiyi bu nemətin gözəlliyi insanı valeh edir. Rəssam öz xatirələrində bildirir ki, Göyçay r-na səfəri zamanı nar bağlarının gözəlliyinə heyran olub və bundan sonra bu gözəlliyi kətana köçürmək qərarına gəlib. (Özünün də etirafına görə, ilk əsərlərindən birini “Göyçay bağlarında” adlandırıb.) Rəssam narın açılmamış sirrə, böyük mənaya malik olduğuna inanırdı. Sanki nar Toğrul Nərimanbəyov yaradıcılığının rəmzinə çevrilmişdir. Rəssam öz tablolarında narı böyük şövqlə, həvəslə təsvir edərək bu şahanə meyvənin gözəlliyini ustalıqla, sevə-sevə kətana köçürmüşdür. Onun “Natürmort. Narlar”, “Narlar”, “Natürmort. Nar ağacı”, “Şərq nağılı” və başqa əsərlərində bunun şahidi oluruq. “Şərq nağılı” əsərində nar Şərqin mifologiyasının mövcudluğunu tərənnüm edir. Burada təsvir olunan nar dənələrinin hər biri sanki bir nağıldır.
Vətənimizin hər bir qarışını öz sehrli fırçası ilə tərənnüm edən rəssam Səttar Bəhlulzadə də bolluq, həyat rəmzi olan meyvələr şahının – narın gözəlliyini öz əsərlərində təsvir edir. Onun “Zəfəranla narlar”, “Göyçay narı”, “Narlar” adlı tablolarında da bu fikir duyulur. Azərbaycan təbiətinin vurğunu olan, doğma diyarın rəngarəng təbiətini əks etdirən, öz dəst-xəti ilə seçilən rəssam narı da bir təbiət möcüzəsi kimi kətan üzərinə həkk edib.
Sərt üslubun ilk nümayəndələrindən olan dünya şöhrətli rəssam Tahir Salahov da natürmortlarında nar təsvirlərinə geniş yer vermişdir. Bu mövzuda olan əsərlərdən Tretyakov qalereyasında saxlanan “Vyana stulu ilə natürmort”, “Nar gülləri ilə natürmort” adlı işlərinin adlarını çəkmək olar. Hətta rəssamın portret janrında yaratdığı “Danın portreti” əsərində də arxa fondakı nar ağacının öz gözəlliyi və özünəməxsusluğu vardır.
Azərbaycanın Xalq rəssamı Sakit Məmmədov da özünün “İlin dörd fəsli”, “Bahar qızı” adlı “əsərlərində nar meyvəsini özünəməxsus tərzdə böyük məharətlə Novruz xonçasının şah meyvəsi kimi təsvir etmişdir. Yaradıcılığında, əsasən, miniatür janrına üstünlük verən Xalq rəssamı Arif Hüseynov “Nar gülü”, “Nar qız” əsərlərində tariximizlə bağlı olan adət-ənənələrimiz, milli çalarlarımız, xalq nağıllarımızın motivləri əsasında narı təsvir edərək çox maraqlı formada tamaşaçılara çatdıra bilmişdir. Əsasən, Novruz mövzusuna müraciət edən rəssam narın al rəngini Novruz tonqalının alovu, nar dənələrini isə sanki ətrafa ruzi səpən bərəkət simvolu kimi təsvir etmişdir.
Digər Azərb. rəssamları da vaxtaşırı öz rəngkarlıq və qrafika əsərlərində narı mənalandırmaqla onu mənəvi-estetik ilham qaynağına çevirmişlər. Bu mənada Səttar Bəhlulzadə, Tahir Salahov, Arif Hüseynov, Adil Rüstəmov, Cabbar Heydərli, Həmzə Abdullayev, Yusif Hüseynov, Fikrət Bağırov, Altay Hacıyev, Hafiz Məmmədov, Məlik Məmmədxanov, Əli İbadullayev, Tariyel Əhmədov, Rafael Abasov, Məmməd Orucov, Günay Mehdizadə, Tahir Məcidov, Əli İsmayıl və b. adlarını çəkmək olar. Dekorativ-tətbiqi sənətin müxtəlif sahələrində – xalça, keramika, şəbəkə, tikmə, parça, zərgərlik, metalişləmə və ağacoymada yaradılan kompozisiyalarda da tez-tez nar təsvirinə rast gəlinir. Eldar Mikayılzadə (xalça), Əlikram Zəkiyev (keramika) və Hüseyn Hacı Mustafazadə (şəbəkə) kimi sənətkarların yaratdıqları bədii nümunələrdə nardan dekorativ element kimi istifadə olunmuşdur. Azərbaycanda bu meyvənin ən gözəl yetişdirildiyi məkan kimi tanınan Göyçay şəhərində nara heykəl qoyulması isə onun xalqımızın həyatında əhəmiyyətinin böyük olmasından irəli gəlmişdir. 2015 ildə tuncdan hazırlannış bu abidənin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevdir.
Bütövlükdə Azərbaycan rəssamlarının yaradıcılığına nəzər yetirsək, demək olar ki, heç bir rəssam bu mövzudan kənarda qalmayıb. Nar meyvəsi təkcə rəngkarlıqda deyil, Azərbaycan xalq sənətində, xalçaçılıqda, keramika və dekorativ – tətbiqi sənətdə də öz əksini tapmışdır. Düşünürəm ki, bir dəfə bu diyarın qonağı olmuş və sonra da Azərbaycan rəssamlarının əsərləri ilə tanış olmuş hər bir insan bu iki ecazkarlığın, həm təbiətin, həm də rəssamların yaratdığı gözəllikləri öz qəlbində həmişəlik yaşadacaq, Azərbaycan torpağında yetişən bu gözəl nemətin – narın ecazkar gözəlliyini və ləzzətini heç vaxt unutmayacaqdır.
Ədəbiyyat:
Z.Əliyev. “AZNAR” Azərbaycan incəsənətinə xidmətdə. “Kaspi” qəzeti. 22 yanvar 2014;
https://pomegranate.az/ru/culture/post/4;
https://www.bakupost.az/onun-obrazlar-qalereyasi-ziyadxan-eliyevin-yazisi-fotolar/#.XQU8y_7-vIU;
https://525.az/site/?name=xeberprint&kecid=1&news_id=36196
Samir Sadıqov,
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent