(Platanus) – çinar fəsiləsindən bitki cinsi. Sıx və enli çətirli, yarpağıtökülən, hündür ağaclardır. Silindrşəkilli, lay-lay qopan yaşılımtıl-boz qabıqlı gövdəsinin dairəsi 18 m-ə çatır, hünd. 50 m-ə yaxın olur. Xırda çiçəkləri bircinsiyyətlidir. Yarpaqları növbəli, barmaqvari-dilimli, saplağı uzundur. Meyvəsi şarvari meyvə qrupunda toplanır. Təbaşir dövrü süxurlarında qalıqları tapılmışdır. Şimali Amerikada və Şərqi Aralıq dənizi sahilindən Hind-Çinə qədər 10 növü yayılmışdır. Xüsusən erkən yaşlarında tez böyüyür, 2000 ilədək və daha çox yaşaya bilir. Qafqazda, o cümlədən Azərb.-da, Krımda, Orta Asiyada şərq çinarı, Ukraynanın c.-unda və Qafqazın Qara dəniz sahillərində qərb çinarı, Belorus və Ukraynanın c.-unda, Zaqafqaziyada və Orta Asiyada hibrid çinar bitir.
Zəngilan r-nundakı Bəsitçay vadisində şərq çinarının təbii meşəsinə, Balakən, Oğuz, Qəbələ və İsmayıllı r-nlarında kiçik sahələrdə çinar meşələrinə təsadüf edilir. Gəncə, Ağdaş və Göyçayda 1000-2500 yaşlı çinar ağacları var. Yüngül, möhkəm, çizgili oduncağından faner, parket və s. hazırlanır. Dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.
Hazırda Göyçay r-nu ərazisində mövcud olan 200-dək çinar ağacı 1992 ildə NK-nın qərarı ilə tarixi abidə kimi qorunur. Vaxtilə həmin çinarların üzərinə bu barədə məlumat lövhələri də vurulmuşdu. Həmin lövhələrin bərpa olunması. həm rayon əhalisi, həm də qonaqlar üçün Göyçayın tarixi baxımından qiymətli məlumat mənbəyi olardı.
Mənbə: ASE. 10 cilddə, X cild, Bakı, 1987, s. 362.