148 il əvvəl – 1875 ilin iyul ayının 22-də “Əkinçi” qəzetinin nəşrə başlaması ilə böyük maarifçi naşir Həsən bəy Zərdabi tərəfindən əsası qoyulmuş Azərb. Milli mətbuatı şərəfli yol keçmiş, yarandığı ilk gündən qabaqcıl ideyaların – maarifçiliyin, milli azadlıq ideyalarının, demokratik fikrin carçısı olmuş, cəmiyyətin inkişafında, mənəvi, siyasi, əxlaqi təkamülündə müstəsna rol oynamışdır. Azərbaycan mətbuatının bünövrəsini qoyarkən, “Əkinçi” qəzetini yaradarkən Həsən bəy Zərdabi nə düşünürdü, mətbuatdan nə gözləyirdi, mətbuatın qarşısında duran vəzifənin nədən ibarət olduğunu necə açıqlayırdı? Bu sualların cavabını onun öz sözlərində axtarmaq lazımdır. Böyük maarifçi yazırdı: “Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxucularından birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar”. Həsən bəy Zərdabi Göyçay qəz.-nın Zərdab k. doğulduğu, həyatının müəyyən dövrü burada keçdiyi üçün onun Göyçayda yaşayan mütərəqqi fikirli insanlarla, ziyalılarla əlaqəsi olmuş, “Əkinçi” qəzeti Göyçayda da yayılmış və oxunmuşdur. Göyçaylıların mətbuatla, qəzetlə ilk yaxından tanışlığı, heç şübhəsiz ki, “Əkinçi”dən başlayır. Təbii ki, Göyçay qəza mərkəzi olduğuna görə qəza idarəsinin başçıları, orada işləyən məmurlar əsasən ruslardan ibarət idi və həmçinin orada qeyri millətlərin rusdilli nümayəndələri də fəaliyyət göstərirdilər. Onlar rus dilində qəzet və jurnallar alırdılar və həmin nəşrləri qəza idarəsində çalışan azərbaycanlılar da əldə edib oxuyurdular.
XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərb. dilində nəşr olunan qəzet və jurnalları Göyçayda mütaliə edənlərin sayı günbəgün artırdı. Bu barədə Xalq şairi R.Rza öz tərcümeyi-halında göstərir ki, atası İbrahim Məmmədxanlı Azərb. dilində qəzet və jurnalları müntəzəm olaraq evə gətirər və mütaliə edərdi. O həmçinin Peterburqda və Moskvada rus dilində nəşr olunan qəzet və jurnalları da alıb oxuyardı. Rəsul Rza uşaq ikən atasının, əmisi Qafarın və dayısının “Molla Nəsrəddin” jurnalını oxuduqlarının şahidi olur və bunu sonralar öz tərcümeyi-halında, xatirələrində qeyd edir.
AXC-nin mövcud olduğu 23 ay ərzində milli mətbuatın bütün nümunələri qəza mərkəzi olan Göyçayda geniş yayılmış, əhalinin oxuyub-yazmağı bacaran nümayəndələri həmin nəşrləri oxumuş və oxuduqları yazılar barədə yaxınlarını da məlumatlandırmışlar. XX əsrin 20-ci illərindən başlayaraq ölkədə savadsızlığın ləğv edilməsi üçün aparılan kütləvi işlər qəzet və jurnal oxuyanların sayının xeyli artmasına səbəb olmuşdur. XX əsrin 30-cu illərinə qədər Göyçay qəz.-da qəzet nəşr olunmamışdır. Lakin əhalinin mütaliəsi üçün Göyçay qəz.-na kifayət qədər Bakıda və SSRİ-nin digər ş.-rində nəşr olunan qəzet və jurnallar müntəzəm olaraq gətirilmişdir.
1930 ildə qəzalar ləğv edilib r-lar yarandıqdan sonra hökumətin qərarı ilə hər r-da qəzet nəşr olunmağa başladı. Göyçay r-nunda ilk dəfə 1930 ildə bölgə qəzeti işıq üzü gördü. Bu il Göyçay r. qəzetinin yaranmasının 93 ili tamam olur. R-n qəzetimız həmişə milli mətbuatımızın ən qabaqcıl və mütərəqqi ideyalarına sadiq qalmış, r-da gedən ictimai-siyasi, mədəni proseslərin obyektiv işıqlandırılmasına səy göstərmişdir. Doğrudur, sovet hakimiyyəti dövründə qəzetdə bəzən konyunktura xarakterli, milli mənafeyə zidd, obyektivlikdən uzaq, həyat həqiqətlərini əyri güzgüdə göstərən yazılar getsə də, əksər yazılar özünün obyektivliyi və bədii səviyyəsi ilə seçilmişdir. 1930 ildə qəzet “Pambıqçı” adı ilə latın qrafikası ilə nəşr olunmuşdur. Bir müddətdən sonra qəzet “Qalibiyyət bayrağı” adlandırılmış, 1960 illərin əvvəlinə kimi bu adla nəşr olunmuşdur.
Ötən əsrin 60-cı illərində qəzetin adı dəyişdirilərək “Yeni həyat” adlandırılmış, otuz il bu adla işıq üzü görmüşdür. Həmin illəri qəzetin inkişafı və çiçəklənmə dövrü kimi xarakterizə etmək olar. Bu illər ərzində “Yeni həyat” qəzeti 8 minə yaxın tirajla nəşr olunurdu. 1980 illərin ortalarında qəzetin tirajı 9 minə, sonlarında isə 9 min 600 ədədə yüksəlmişdi. Həftədə 3 dəfə çıxan qəzetin il ərzində 150-160 nömrəsi işıq üzü görürdü. Qəzet, demək olar ki, r-nun bütün ailələrində oxunur və sevilirdi. “Yeni həyat” qəzeti yalnız tirajının çoxluğu ilə deyil, yazılan məqalələrin keyfiyyəti, aktuallığı ilə də seçilirdi. Mübaliğəsiz demək olar ki, qəzet kəsərliliyi, ədəbi-bədii keyfiyyəti ilə resp.-nın bir çox mərkəzi qəzetləri ilə eyni sırada dayanırdı. Qəzetdə gedən yazılar janr etibarilə də rəngarəng idi.
Burada oçerklər, reportajlar, müsahibələr, felyetonlarla yanaşı, elmi-tənqidi məqalələr, yeni kitablar barədə resenziyalar, pedaqoji-metodiki, adət-ənənələrimiz, tibbi və s. sahələrə aid yazılar da oxucunun mühakiməsinə verilirdi. Qəzetin redaksiyasında istedadlı, peşəkar əməkdaşlar çalışmaqla yanaşı, r-nun bir çox ziyalıları da həvəslə qəzetlə əməkdaşlıq edir, vaxtaşırı maraqlı yazılarla çıxış edirdilər. Hər bir yazıya tələbkarlıqla yanaşılırdı ki, bu da qəzetin ədəbi-bədii cəhətdən yüksək, mükəmməl olmasına zəmin yaradırdı. Qəzetdə eyni zamanda istedadlı qələm sahiblərinin şeir və hekayələri, ədəbi-tənqidi yazıları işıq üzü görürdü.
“Qalibiyyət bayrağı” qəzetinin nəzdində “Çinar pöhrələri” adlı ədəbiyyat dərnəyi fəaliyyət göstərmişdir. Lakin onun ömrü çox qısa olmuşdur. “Yeni həyat” qəzetinin nəzdində 1970 ildə yaradılan Əli Kərim adına Poeziya Klubu 1990 ilə kimi fəaliyyət göstərmişdir. İyirmi illik fəaliyyətin ən səmərəli dövrü 1970-81 illər arası olmuşdur. Həmin illərdə Poeziya Klubunun fəxri sədri Xalq şairi R.Rza idi. O, klubun fəaliyyətini müntəzəm olaraq izləyir, qəzetdə çap olunan şeirlərə öz münasibətini bildirir, ustad tövsiyələrini verirdi. “Yeni həyat” qəzetində ən azı 2 ayda bir dəfə klub üzvlərinin şeirləri çap olunardı. Poeziya Klubuna qəzetin şöbə müdiri, sonra isə məsul katibi olmuş istedadlı yazıçı-publisist, şair Məzahir Əhmədoğlu rəhbərlik edirdi. İndi o, resp.-nın ən nüfuzlu mətbuat orqanlarından olan “Ədalət” qəzetinin baş redaktorunun müavinidir.
Ötən əsrin 90-cı illərindən qəzetin adı yenidən dəyişdirilərək “Göyçay” adlandırıldı.
Qəzetin bir əsrə yaxın fəaliyyəti dövründə neçə-neçə jurnalist nəsli taleyini bu mətbuat orqanı ilə bağlamış, onun maraqlı çıxması üçün səy və bacarıqlarını əsirgəməmişlər. Eyni zamanda müxtəlif peşə sahibləri bu qəzetdə yazılar dərc etdirir, uğurlu yazıları ilə oxucuların diqqətini cəlb edirdilər. Qəzetin keçmiş əməkdaşlarından Mövsüm Hüseynovun, Əli Süleymanovun, Svetlana Hüseynovanın, Alıkişi Səfərovun, Təyubə Mehdiyevanın və başqalarının fəaliyyəti yaşlı və orta nəsil oxucuların yaddaşlarında yaşayır. Qəzetin bir çox kəndlərdə müxbir postları fəaliyyət göstərirdi. Ştatdankənar müxbirlər vaxtaşırı qəzetə maraqlı yazılar göndərirdilər. Onlar arasında 1970-90 illərdə qəzetlə daha sıx əməkdaşlıq edən Əkbər Əlioğlu və Adil Məmməd olmuşdur. Onlar həmin illərdə və sonralar qəzetdə oçerklərlə yanaşı, ədəbi-tənqidi yazılarla da çıxış etmişlər. 1930 ildən başlayaraq K.İsmayılov, Abas Babayev, A.Qədirov, Oqtay Cəfərov, Nəriman Zeynalov, İşrət Abbasova, Oqtay Zeynalov, Rafiq İslamov, Abdulla Əliyev, Adil Məmmədov (2004-06 illər, 2018 il), Əlişah Nağıyev, Anar Nağıyev qəzetin redaktoru olmuşdular. 2022 ildən qəzetin redaktoru A.Məmmədovdur.
“Unutsaq, unudularıq”, “Ürəklərdə yerin qaldı”, “Görüşlər, xatirələr”, “Redaksiyaya məktub gəlib”, “İtigöz”, “Ədəbi mühiti yaşadaq” və s. rubrikalar altında gedən yazılar həmişə oxucular tərəfindən maraqla qarşılanmışdır. Bu ildən onların sırasına “Pedaqoqun tribunası” adlı rubrika da əlavə olunmuşdur. 1990-92 illərdə Göyçayda “Haqqın səsi” adlı qəzet də iki il fəaliyyət göstərmişdir.
Adil Məmməd,
Əməkdar müəllim, “Göyçay” qəzetinin redaktoru