Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 1988 ildən başlanan erməni separatizmi respublika ərazisinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğalına səbəb olmuşdu. 1991-94 illərdə münaqişə daha da güclənib. Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992 ilin qışında başlayıb. 1994 ildə, müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini, demək olar ki, tam nəzarətlərinə keçirib, əlavə olaraq onun tərkibində olmayan Azərbaycan torpaqlarının 9%-nə nəzarət ediblər. Münaqişə nəticəsində Azərbaycandan 230 000 erməni, Ermənistan və Qarabağdan isə 800 000 azərbaycanlı məcburi köçkün olub.
1991-94 illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11 557 Azərbaycan hərbçisi şəhid olub. Baş verən qızğın döyüşlər nəticəsində Göyçay r-nu 149 şəhid verib.
Resp.-nın ərazi bütövlüyü uğrunda 1988 ildə başlayan Vətən müharibəsinin I mərhələsi (1988-94) 1994 ilin may ayında Bişkek sazişi ilə başa çatdı. Buna baxmayaraq, cəbhə bölgəsində ermənilər tərəfindən atəşkəs rejiminin tez-tez pozulması canlı qüvvə sarıdan yeni itkilərə səbəb olurdu.
2016 il aprel ayının əvvəllərində Azərb.-ın cəbhə xəttindəki mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Tərtər r-nunun Talış k. ətrafındakı yüksəkliklər, Cəbrayıl r-nunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy r-nunun Gülüstan k. və Tərtər r-nunun Madagiz k. istiqamətində bəzi mövqelər düşməndən azad olundu.
Aprelin 4-ü Ermənistan ordusu itirilən mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin, əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti sayəsində düşmən məqsədinə nail ola bilmədi. 2016 il Aprel döyüşləri zamanı şəhid olan qəhrəmanlar arasında göyçaylı Teymur Qasımov da var idi. Şəhidin adını əbədiləşdirmək üçün Göyçayın mərkəzi küçələrindən birinə onun adı verilib. Həmin küçədə Teymur Qasımovun büstü qoyulub.
Erməni silahlı qüvvələri Aprel döyüşlərində böyük itkilərə məruz qaldı. 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Azərb. Milli Ordusu Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə etdi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 1993 ildə qəbul etdiyi bütün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə (822, 853, 874 və 884 saylı) baxmayaraq, Ermənistan işğalı davam etdirməklə beynəlxalq hüququn əsas prinsipini kobud şəkildə pozurdu. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə uzun illər aparılan danışıqların heç bir nəticə verməməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin 30 ilə yaxın icra olunmaması xalqın səbir kasasanı doldururdu.
2020 ilin iyul ayında Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribatı, həmin ilin avqust ayında terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərməsi düşmənin günü-gündən azğınlaşmasını sübut edirdi. Məlumat üçün qeyd edək ki, Tovuz r-nu Azərbaycanın mühüm nəqliyyat və enerji yollarını qlobal bazara bağlayan strateji bir bölgədir. Məsələn, Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz təbii qaz boru kəməri (SCP) və Bakı–Tbilisi–Qars (BTK) dəmir yolu Tovuz r-nundan keçir. Sərhəddə baş verən həmin toqquşmalar nəticəsində 61 fərdi yaşayış evi dağıldı və əkin sahələri məhv edildi.
2020 il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi. 2020 il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Bununla da tariximizin ən şərəfli səhifələrindən biri olan – işğal olunan ərazilərin azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi (27 sentyabr–10 noyabr 2020 il) baş verdi.
Azərbaycan ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. 44 gün ərzində həyata keçirilən sürətli döyüş əməliyyatları ilə Cəbrayıl ş. və r-nun 90 kəndi, Füzuli ş. və r-nun 53 kəndi, Zəngilan ş., r-nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd r-nunun Hadrut qəs. və 35 kəndi, Tərtər r-nunun 3 kəndi, Qubadlı ş. və r-nun 41 kəndi, Xocalı r-nunun 9 kəndi, Şuşa ş., Laçın r-nunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şurataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olunub. İran İslam Respublikası ilə dövlət sərhədimizin 132 km-lik hissəsi işğaldan azad edilib və orada sərhəd zastavaları qurulub.
2020 il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam r-nu, noyabrın 25-də Kəlbəcər r-nu, dekabrın 1-də Laçın r-nu Azərbaycana təhvil verilirdi. Noyabrın 10-da hərbi əməliyyatlar dayandırıldıqdan sonra Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suveren hüquqları tanındı, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu.
Azərbaycan Respublikasının digər bölgələrinin əhalisi kimi, Göyçayın qəhrəman gəncləri də dövlət müstəqilliyinin və ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin daim ön sıralarında olub və Vətən uğrunda canlarını fəda etməyə daim hazır olduqlarını döyüşlərdə şərəflə sübut ediblər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi – Prezident Kitabxanasının hazırladığı sənəddə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Göyçay rayonunun 163 şəhid verdiyi, 44 nəfərin itkin düşdüyü, 106 nəfərin şikəst olduğu bildirilir.
Sonrakı illərdə aparılan araşdırmalar bu rəqəmin daha da dəqiqləşdirilməsinə imkan verib. Bu araşdırmaların nəticəsində məlum olub ki, vətən torpaqlarının azadlığı uğrunda Göyçay rayonu 195 şəhid verib. Göyçaylı qəhrəmanların 149 nəfəri 2016 il iyun ayının 14-nə kimi, 46 nəfəri isə 44 günlük Vətən müharibəsində (27 sentyabr – 10 noyabr 2020 il) şəhid olub.
Mənbə: M.Zülfüqarlı. Göyçay tarixi. Bakı, 2022, 310 s., s. 255-279.