(Qocaşen-Göyçay silsiləsi) – Azərb.-da dağ silsiləsi. Acınohur ön dağlığının (Böyük Qafqaz) c. hissəsi. Qanıx (Alazan) çayının mənsəb hissəsindən başlayaraq c.-ş. istiqamətində Girdiman çayınadək davam edir. Uz. təqr. 150 km, hünd. 700 m-ə qədərdir. B.s.-nə Qocaşen, Axar-Baxar, Arçandağ, Surxayxan silsilələri və Göyçay tirəsi daxildir. Neogen və Antropogen sistemlərinin gil, qum, qumdaşı, konqlomerat və s. süxurlarından təşkil olunmuşdur. Tikinti materialları var. Neft və qaz yataqları aşkar edilmişdir. B.s. Əlican, Türyan, Göyçay və Dəvəbatan çaylarının dərələri ilə kəsilmişdir.
Dərə və yarğanlarda parçalanmış c. yamacları dik və sıldırımlıdır. Silsilədə (xüsusilə c. yamacında) yararsız torpaq (bedlend) sahələri çoxdur. İllik yağıntı təqr. 450 mm-dir. Bitki örtüyü zəif inkişaf etmişdir. Yovşan, şoranotu, müxtəlif otlar, arid meşələrdə ardıc (arçan), yabanı püstə, nar, qaratikan və s. bitir. Yarımsəhra, quru çöl, arid meşə və kolluq landşaftı var. Bəzi yerlərindən qış otlağı kimi istifadə olunur. Şm. yamaclarında taxıl, üzüm, meyvə yetişdirilir. Arçandağda qoruq (Türyançay qoruğu) yaradılmışdır.
Mənbə: ASE. 10 cilddə, II cild, Bakı, 1978, s. 219.