Göyçay r-nunun qədim insan məskənlərindən olduğunu bildirən dəlillərdən biri də bir çox kəndlərdə islamiyyətə qədərki inancları özündə əks etdirən pir və ocaqların mövcudluğudur. Bəzi ağacların müqəddəs hesab edilməsi, onların qorunub saxlanması, onlara sitayişin şüurların alt qatında hələ də yaşaması göstərir ki, Göyçayın bir çox kəndlərinin tarixi islamiyyətdən xeyli əvvəllərə gedib çıxır.
Göyçayın bir sıra kəndlərində – Məlikkənd k.-də Pir qovaq, Qızılağac k.-də İydə piri, Qarabağlar k.-də Əncir piri, Kürdşaban k.-də Pir qarağac və s. göstərmək olar.
Göyçayın qədim kəndlərindən olan Yeykənd (Yenikənd) k.-də 4 Pir qarağac, 2 Pir qovaq, Pir nar və Pir narlıq deyilən 3-4 sot sahəsi olan təbii şəkildə bitmiş, kəndin XIX əsrin ortalarında və sonlarında anadan olub, XX əsrin ortalarına və sonlarına kimi yaşayan sakinlərinin dediyinə görə, nə vaxt əmələ gəldiyi, yarandığı məlum olmayan nar bağı mövcuddur. Əhalinin Pir adlandırdığı bu ağacların bəzisi ildırım vurması və ya təbii şəkildə qocalıb quruma nəticəsində məhv olsalar da, onların vaxtilə bitdiyi yerlər bu gün də müqəddəs hesab edilir.
Yeykənd (Yenikənd) k.-dəki Pir nar Pir qovaqla kənd qəbiristanlığında qoşa bitmişdi. İldırım vurması nəticəsində Pir qovağın budaqları və gövdəsinin bir hissəsi yanmışdı. Salamat qalan hissəsi Pir narın altına aşmışdı. Kol şəklində olan nar topası budaqları Pir qovağın üstünü çətir kimi tutmuşdu. Uşaqların dişləri ağrıyanda babalar-nənələr Pir nara nəzir deyərdilər, nəzir əsasən təndirdə bişmiş şor qoğalından və ya qənd-çaydan, konfetdən ibarət olurdu. Uşaqlara nəziri və kiçik bir mismar verib Pirə göndərərdilər. Uşaqlar gətirdiklərini Pir narın dibinə qoyar, mismarı isə ora qoyulmuş daşla narın altındakı Pir qovağın gövdəsinə vurar, sonra nardan bir tikan qoparıb dişlərinə sürtərdilər. İnanca görə, uşaqlar Pir narın köməyilə süd dişlərini rahat tökər, yerinə çıxan daimi dişlər sağlam olardı. Pir qovağı gövdəsi tamamilə çürüyüb yox olsa da, Pir nar qalır və hələ də müqəddəs hesab olunur.
Pir narlıq Göyçay ərazisində müqəddəs hesab edilən yeganə təbii bağdır. Qışın ən şaxtalı, soyuq günlərində belə heç kim oradan bir kiçik budaq belə götürüb yandırmamışdır.
1972-73 illərdə kənddə şoran torpaqların yuyulması üçün meliorasiya işləri aparılarkən Pir narlığın ətrafındakı torpaqlar hamarlanmış, kiçik kanallar çəkilmişdir. Həmin bağı ləğv etmək üçün 4 dəfə cəhd edilmiş, lakin hər dəfə ekskovatorlar, buldozerlər və traktorlar sınıb sıradan çıxmış və meliorasiya idarəsinin işçiləri həmin yerdə işləməkdən imtina etmişlər. Həmin hadisənin onlarla şahidi bu gün də həyatdadır.
Kolxozlar ləğv olunub pay torpaqları şəklində əhaliyə paylanarkən heç kim həmin sahəni götürməmişdir.
Bu gün də Pir narlıq kənd sakinlərinin and yeridir.
Məlumat A.Məmməddən alınıb.