(19.3.1949, Kürdəmir ş.) – tanınmış riyaziyyatçı alim, riyaziyyat e.d., prof.(2000).
1966 ildə Göyçay ş. 1 saylı onbirillik məktəbi bitirib. 1966-71 illərdə BDU-da təhsil alıb və həmin universitetin magistraturasını bitirib. 1971-72 illərdə Azərb. EA-nın Riyaziyyat və Mexanika İnstitutunda işləyib. 1972 ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun (MEİ) aspiranturasına daxil olub.
1975 ildə aspiranturanı bitirib, Azərb. EA-nın Riyaziyyat və Mexanika İnstitutuna qayıdıb. 1976 ildə fizika-riyaziyyat e.n. elmi dərəcəsi alaraq 2003 ilə qədər AMEA-da işləyib. 1992 ilin yanvar ayında yeni dissertasiya işini Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurasına təqdim edib və 1993 ildə müdafiə edib. 1996–2003 illərdə yeni açılmış “Qeyri-xətti Analiz” şöbəsinin müdiri işləyib. 1994-97 illər arasında İNTAS-ın üçillik layihəsində Cənubi Qafqaz dövlətləri üzrə rəhbər vəzifəsində çalışıb. 2000 ildə prof. elmi dərəcəsini alıb. 2003-16 illərdə Hacettepe Universitetində (Ankara, Türkiyə) Prof. Dr. işləyib. 2011-14 illərdə Türkiyə–Ukrayna üçillik birgə çalışma layihəsində layihə rəhbəri kimi işləyib. 2018-20 illərdə İğdır Universitetində (İğdır, Türkiyə) Prof. Dr. işləyib. 120-dən çox elmi məqalənin müəllifidir.
Riyaziyyatçı kimi əldə etdiyi yeniliklər:
1. Yeni bir qeyri-xətti metrik fəzalar sinfi müəyyən edilməsi, onların xassələri, Lebeq, Sobolev və Orliç-Sobolev fəzaları ilə əlaqələrinin araşdırılması. Bu sinif fəzaların qeyri-xətti diferensial tənliklərin həllər sinfi olduğu göstərilməsi və s. Prandtl-von Mizes tənliyinin həllinin varlığı və sinfinin göstərilməsi.
2. Yeni sabit nöqtə teoremlərinin isbatlanması və onlarin bilinən bu tip nəticələrdən daha geniş operatorlar sinifləri üçün tətbiq edilə biləcəyinin göstərilməsi və s.
3. Qeyri-xətti tənliklərin normal həll oluna bilməsini öyrənmək üçün yeni yöntəmin verilməsi və tətbiqi.
4. Navier-Stokes tənliyinin zəif həllinin nə zaman tək olacağını göstərən yetərli şərtlərin əldə edilməsi və onlardan istifadə edərək təklik teoreminin isbat edilməsi.
5. Neuro-net və Rimann problemi ilə bağlı bir neçə problemin araşdırılması.
6. Xərçəng xəstəliyinin yayılması ilə bağlı yeni riyazi model verib onun davranışının araşdırılması və s.
Məlumat K.Soltanovdan alınıb.