Göyçay Xeyriyyə Cəmiyyəti (GXC) 1991 ildən fəaliyyətə başlamış, 1993 il 6 iyulda Azərb. Resp. Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. GXC yaşayış yerindən asılı olmayaraq, göyçaylıların xeyirxah məqsədlər daşıyan könüllü birliyi olmuş, cəmiyyət siyasi məqsədlər daşımamışdır. GXC Azərb. Resp. Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xeyriyyə cəmiyyətinin nizamnaməsi əsasında idarə edilmişdir. GXC idarə heyətinə aşağıda adları qeyd olunan ziyalılar seçilmişlər: Göyçaylı Şövqi sədr, Cəfərov Oqtay – müavin, Ağayev Ramiz – müavin, Səmədli Əli – müavin, Həsənov Səməd, Kərimov İnqilab, Həsənov Hüseyn, Eyvazov Zöhrab, Əliyev Ehtiram.
Cəmiyyətin ağsaqqallar və ağbirçəklər Şurasının üzvləri: Xəlilov Nüsrət (g.d., prof., Əməkdar mühəndis və Prezident təqaüdçüsü, Xurşudova Şərqiyyə (partiya və dövlət xadimi), Kərimov Ehsan (Əməkdar idman ustası, Əməkdar Məşqçi), Göyçayski Yaşar (Azərbaycan Dövlət Geologiya Komitəsinin aparıcı geoloqu). GXC-nin təsis yığıncağı keçiriləndən sonra Bakıda və Göyçayda geniş ictimaiyyətlə görüşlər keçirilmişdir. GXC-nin iş planı ilə ictimaiyyət tanış edilmişdir. Fəaliyyət planı geniş olmaqla Qarabağ hadisələri ilə bağlı Göyçayda yaşayan qaçqın və köçkünlərlə aparılan işlər təhlil edilirdi. Bu sahədə fəaliyyətlə bağlı qaçqın və köçkünlərin nümayəndələri, rayon icra başçısının səlahiyyətli nümayəndələri ilə müzakirələr aparılırdı. Fəaliyyət dövründə onlara müvafiq köməkliklər göstərilirdi.
Göyçay-Kürdəmir batalyonunun çağırışçıları ilə görüşlər keçirilmişdir. Füzuli döyüş bölgəsində də görüşlər keçirilib. N saylı hərbi hissənin komandiri Şair Ramaldanovla cəbhə bölgəsində görüş və məsləhətləşmələr olub.
Prof. Nüsrət Xəlilovun rəhbərliyi ilə Göyçay orta məktəb şagirdlərinin olimpiadası keçirilib. Fərqlənənlərə şair R.Rza, general Ə.Ağabəyzadə və şair Əli Kərim adına mükafatlar təqdim edilmişdir.
Rayon icra idarəsinin rəhbərliyinin iştirakı ilə Göyçay sakinlərinin xahişi əsasında ekoloji problemlər müzakirə edilmişdir. Çərəkə gölü kimi yeni göl yaratmaq, ondan quşçuluq və balıqçılıq məqsədilə istifadə etmək məsələsi də müzakirə edilmişdir.
Göyçay əhalisinin arzu və istəyi ilə şəhərin və bəzi kəndlərin içməli su problemi də müzakirə edildi. Həmin məsələ idarə heyətində müzakirə edilərək hidrogeologiya sahəsində tanınmış mütəxəssis olan Yaşar Göyçayskiyə həvalə edilib. Onun iştirakı və rəhbərliyi ilə Elmi-Tədqiqat Layihə İnstitutunda Göyçayın içməli su təminatı layihəsi hazırlanıb. Bu iş üçün tələb olunan simvolik maliyyə vəsaitinin təminatı məsələsi Göyçayın ağsaqqallarından olan Əməkdar jurnalist Qulu Məmmədovun dostları vasitəsilə həyata keçirilib.
Layihə 2,5-3 ay ərzində yerinə yetirilib. İş icraçılarından Yaşar Göyçayski layihə ilə əlaqədar gördüyü işlərə görə aldığı əməkhaqqının hamısını Göyçay Xeyriyyə Cəmiyyətinin hesabına keçirib.
Layihəyə görə, Göyçay ş.-nin ətrafında 4 quyu qazılmalı idi. Quyuların sayı qədər nasos alınması ilə əlaqədar fəaliyyət başlandı. Quyuların qazılması ilə əlaqədar Xəzərneft Dərin Qazmalar İdarəsinin müdiri Həsənov Hüseyn quyuların qazılmasının simvolik maliyyə vəsaiti ilə həyata keçirilməsinə rəhbərlik edəcəyini bildirdi.
GXC və BDU-nun Ətraf mühiti mühafizə kafedrasının fəaliyyəti ilə yaradılan təşəbbüs qrupunun üzvləri tərəfindən Azərbaycanda dağ çeşmələrinin sularının ş.-lərə çatdırılması ideyası ortaya atılmışdır. Azərb.-ın tanınmış hidrogeoloqları və mühəndis geoloqları, coğrafiyaçı və hüquqşünas ekoloqları (H.İsrafilov, Y.Göyçaylı, A.Abasquliyev) “Kommunist” qəzetinin redaksiya heyəti ilə 1991 ildə dəyirmi masa arxasında şəhərlərimizin, Bakı əhalisinin bulaq suları ilə təmin edilməsi barədə müzakirə keçirdilər. Resp. ictimaiyyəti tərəfindən müzakirəyə müsbət rəylər göndərildi. Deyilənlərin müvəffəqiyyətlə həyata keçirilməsində “Kommunist” qəzetinin müxbirləri Əlpənah Bayramov, Tahir Rüstəmov xüsusi fəaliyyət göstərmişlər.
Təşəbbüs qrupunun üzvləri 1992 il 4 iyunda keçirilən Azərb. Resp.-nın NK.-nın iclasına dəvət edildilər.
Məsələ Bakıya III su kəmərinin çəkilməsinə həsr edilmişdi. İclası NK sədrinin müavini Rauf Gülməmmədov aparırdı. Yığıncaqda dövlət strukturlarının rəhbərləri və BDU-nun təşəbbüs qrupunun üzvlərindən İsrafilov H., Göyçaylı Ş., Abasquliyev A., Hacıyev F., Seyidəliyev Y., Göyçaylı Y. iştirak etmişlər.
Təşəbbüs qrupunun adından Göyçaylı Y. su kəmərinin çəkilişi ilə əlaqədar 8 təklif vermişdi. Təkliflər qəbul edilmişdi.
İclasın sonunda 9 bənddən ibarət qərar qəbul edilmişdi. Qərarın 7-ci bəndində göstərilirdi ki, Azərb. Resp. EA-nın, BDU-nun nümayəndələrindən ibarət maraqlı tərəflərin hazırladıqları təkliflər şəhərlərin su təminatının həllində nəzərə alınsın.
1990 illər və ondan sonrakı dövrlərdə Azərbaycanda siyasi-iqtisadi, hərbi və sosial gərginliklərlə əlaqədar Göyçayda və Bakıda göyçaylılar və digər dəvət olunan ziyalılar arasında ölkədə və r-nda baş verən başıpozuqluq barədə müzakirələr keçirildi və 1992 ildə “Heydər Əliyevin səsinə səs veririk” rubrikası adı ilə Göyçay ziyalıları adından “Kommunist” qəzetində müraciət dərc edildi.
GXC-nin üzvləri xeyli işlər görsələr də, onlardan geniş bəhs etmirik. Lakin göyçaylılar keçid dövründə başıpozuqluğa yol vermədilər, Azərb. dövlətçiliyinin ətrafında sıx birləşdilər.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra başqa r-nlarda olduğu kimi, Göyçay rayon rəhbərliyi də möhkəmləndi. Hiss olundu ki, keçid dövründə rayonlar səviyyəsində yaradılan xeyriyyə cəmiyyətlərinin vəzifələri məhdudlaşır. Müasir dövrün tələblərinə uyğun xeyriyyə cəmiyyətlərinin yaranması məqsədə müvafiq olar.
Məlumat Ş.Göyçayskidən alınıb.