(7.8.1930, Bakı ş., – 2.6.2013, Paris ş., Fransa) — rəssam, SSRİ və Azərb. SSR Dövlət mükafatları laureatı, SSRİ və Azərb.-nın xalq rəssamı, Azərb. Resp. Prezidentinin fərdi təqaüdçüsü.
1950 ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955 ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır. Yaradıcılığının ilk dövrünə aid əsərlərdən “Bayıl mənzərəsi”, “Fırtınadan da güclü”, “Səadət”, “Sevinc”, “Həyat naminə”, “İşıqlı gələcək uğrunda” və başqalarını qeyd etmək olar.
1955 ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul edilib. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilmişdir. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır.
Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir. Rəssamın “Emalatxanada”, “Kafedə”, “Qız Qalası”, “Talış dağlarında”, “Yaylaqda”, “Çoban ailəsi”, “Məhsul bayramı”, “Bağda çayxana”, “Bakıda bazar” və s. əsərlərinin hər biri, haqqında geniş söz açılmağa layiq sənət nümunələridir.
T. Nərimanbəyov eyni zamanda gözəl səs tembrinə malik olub.
T. Nərimanbəyov Abdulla Şaiq adına Dövlət Kukla Teatrının, Milli Məclisin binasının və keçmiş “Moskva” mehmanxanasının foyelərini bənzərsiz rəssam təxəyyülünün şahanə fantaziyası ilə qədim incəsənətimizdən gələn ənənələrə tapınmaqla, misilsiz sənət inciləri ilə bəzəyib. Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında, “Göyçay bağları” (1965) adlı ölçüləri 150×150 sm olan əsəri Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
“Qırmızı Əmək Bayrağı” (1980), İstiqlal” (2000) və “Şərəf”(2010) ordenləri ilə təltif olunub.
Mənbə: https://portal.azertag.az/az/node/17550