(1.1.1925, Göyçay ş. – 31.8.2009, Santa-Monika ş., ABŞ) – nasir, publisist, Azərb. ədəbiyyatında elmi-fantastik janrın nümayəndəsi, tərcüməçi, AYB-nin üzvü (1954).
Göyçayda orta məktəbi bitirdikdən sonra 1943-45 illərdə ordu sıralarında xidmət edib. Ordudan tərxis edildikdən sonra 1945-50 illərdə ADU-nun Filologiya fakültəsində təhsil alıb.
1948 ildən əmək fəaliyyətinə başlamış, müxtəlif məsul vəzifələrdə çalışmışdır. Baş Mətbuat İdarəsində senzor (1948-52), “Azərbaycan qadını” jurnalı redaksiyasında məsul katib (1955-66), “Azərbaycan pioneri” qəzeti redaksiyasında məsul katib (1967-71), Azərb. Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor (1973-82), 1982 ildən isə ştatdankənar müxbir vəzifələrində işləmişdir. Ədəbi yaradıcılığa şeirlə başlasa da, elmi fantastikaya və bədii tərcüməyə üstünlük verib. “RT-1” adlı ilk elmi-fantastik hekayəsi 1952 ildə “Pioner” jurnalında dərc edilmişdir. “Günəş şəhəri” adlı ilk elmi-fantastik hekayələr toplusu 1953, “Muğanda qütb parıltısı” adlı hekayələr məcmuəsi isə 1954 ildə çapdan çıxmışdır. Emin Mahmudov elmi-fantastik janrda “Kainat gəmisi”, “Veneranın göyləri od içindədir”, “Zülmət dənizi”, “Atlant qızı” və s. povestlərin, çox sayda hekayələrin müəllifidir.
E.Mahmudov publisist, jurnalist və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Onun elmi-kütləvi, yumoristik, satirik məqalələri, kiçik hekayə və miniatürləri dövri mətbuatda dərc olunmuşdur. Yazıçı bir çox Azərbaycan müəlliflərinin əsərlərini rus dilinə, çox sayda xarici müəlliflərin əsərlərini isə doğma dilimizə tərcümə etmişdir. Xidmətlərinə görə medallarla təltif edilib.
ABŞ-a mühacirət edən E.Mahmudov ömrünün son illərini Los-Anceles ş. yaşayıb.
Mənbə: Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi: metodik vəsait / tərt. ed. T.Hacıyeva; ix. red. və bur. məs. Ş.Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası. Bakı, 2016, s. 19.