(20.3.1909, Göyçay qəz. Bığır k. – 5.9.1969, Bakı ş.) – alim, tarix e.d. (1965), prof.
Orta məktəbdə təhsilini başa vurduqdan sonra 1924-35 ilədək uzun müddət ərzində maarif sahəsində işləmiş, Azərb.-ın bir çox r-larında (Göyçay, Qonaqkənd, Şuşa) müəllimlik etmişdir. 1931 ildə Ali Pedaqoji İnstitutun Tarix fakültəsinə daxil olmuş, 1935 ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Tələbəlik illərində fars, ərəb, türk dillərini öyrənmişdir.
1938 ildə o, SSRİ EA-nın Azərb. filialının Tarix İnstitutunda aspiranturaya daxil olmuş, Azərb. tarixi üzrə ixtisaslaşmışdır. Aspiranturanı 1941 ildə Leninqradda bitirmiş, elə həmin ilin mayında Tarix İnstitutunun elmi əməkdaşı olmuş və burada ömrünün axırınadək fasiləsiz işləmişdir. 1944 ildə tarix e.n. alimlik dərəcəsi almış, Ali Attestasiya Komissiyasının (Moskva ş.) qərarı ilə “Azərbaycan tarixi” kafedrasının dos. vəzifəsinə təsdiq edilmişdir. Onun çoxsaylı elmi tədqiqatlarında IX–XIII əsrlərdə Azərb. tarixinin əvvəllər az tədqiq olunmuş və ya qətiyyən tədqiq olunmamış məsələləri işıqlandırılmışdır.
1943-52 illərdə Azərb. SSR EA Tarix İnstitutunun əvvəlcə direktor müavini, sonra isə direktoru vəzifələrində çalışmışdır. 1952-69 illərdə prof. Şərifli Tarix İnstitutunun “Orta əsrlər tarixi” şöbəsinə rəhbərlik etmişdir. 1941-58 illərdə o, əvəzçilik qaydasında ADU-da, həmçinin APİ-də Azərbaycan tarixindən dərs demiş və xüsusi kurslar aparmışdır. Prof. Şərifli ölkəmizi xarici dövlətlərdə də layiqincə təmsil etmişdir. 1945-49 illərdə “SSRİ-nin Xarici Ölkələrlə Mədəni Əlaqələr Ümumittifaq Cəmiyyəti”nin xətti ilə İranda xüsusi ezamiyyətdə olmuş, Təbriz ş.-də Mədəniyyət Evinin direktoru işləmişdir. Bolqarıstan hökumətinin dəvəti ilə prof. Şərifli 1953-54 illərdə Sofiya Universitetinə ezam edilmiş, orada türk dilində Azərbaycan tarixindən mühazirələr oxumuş, xüsusi kurs aparmış və səmərəli pedaqoji işinə görə Sofiya Universitetinin rektorluğu tərəfindən təşəkkür almışdır.
Qırx illik elmi tədqiqat fəaliyyəti ərzində prof. Şərifli bir neçə monoqrafiya, 100-dən çox elmi əsər – məqalə, dərs vəsaiti, resenziya çap etdirmişdir. Şərifli üç cilddə buraxılmış “Azərbaycan tarixi”nin (Bakı, Azərb. SSR EA-nın nəşriyyatı) V, VI fəsillərinin müəllifi, II, III, VII fəsillərinin həmmüəllifidir. “Azərbaycan Atabəylər dövləti (1136-1225 illər)”, “Eldəgizlər” (Azərbaycan SSR EA-nın xəbərləri, “İctimai elmlər” seriyası) kimi fundamental elmi əsərlər onun qələminin məhsuludur. 1965 ildə Şərifli özünün 20 illik elmi tədqiqat fəaliyyətinin nəticəsi olaraq “IX əsrin ikinci yarısında – XI əsrdə Azərbaycan feodal dövlətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Prof. Şərifli Ərəb xilafətinə qarşı Azərbaycan xalqının mübarizəsi şəraitində Azərbaycan feodal dövlətlərinin – Şirvanşahların, Məzyədilərin, Sacilərin, Salarilərin, Şəddadilərin, Rəvvadilərin, həmçinin Mərənd, Naxçıvan əmirliklərinin yaranmasının və inkişafının ilkin tarixi şərtlərini tədqiq edib. Prof. Şərifli ölkəmizin tarixinin öyrənilməsi, işlənməsi və tədqiqi üçün çoxlu səy göstərib və əmək sərf edib ki, bu da akademiklər Z.M.Bunyadov, Ə.Ə.Əlizadə, Ə.N.Quliyev, Z.İ.İbrahimov, D.Ə.İbrahimov, H.B.Abdullayev, M.A.İsmayılov və başqaları tərəfindən verilmiş çoxsaylı rəy və resenziyalarda öz əksini tapıb. Fars, ərəb, rus və türk dillərini sərbəst bilən Şərifli bir çox alimlərlə əməkdaşlıq edir, o cümlədən Kembric Universitetinin prof. V.F.Minorski ilə elmi yazışma aparırdı. Onun fundamental tədqiqat əsəri – “IX əsrin ikinci yarısında – XI əsrdə Azərbaycan feodal dövlətləri” monoqrafiyası (Bakı, “Elm” nəşriyyatı, 36 çap vərəqi, 344 səhifə) ilk dəfə 1978 ildə Azərbaycan dilində işıq üzü görmüşdür.
Görkəmli alim, pedaqoq və elm təşkilatçısı, prof. Şərifli 1969 il sentyabrın 5-də vəfat edib və vəsiyyətinə uyğun olaraq doğma vətəni Göyçayda dəfn edilib.
Bakı ş.-nin küçələrindən birinə onun adı verilib, Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub.
Mənbə: AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun rəsmi internet səhifəsi //http://tarixinstitutu.az/directors/view/57