(3.3.1935, Göyçay r-nu – 21.3.2001) – coğrafiya ü.f.d. (1965), dos. (1976).
1954 ildə əlaçı attestatı ilə imtahansız, ADPİ-nin Coğrafiya-biologiya fakültəsinə daxil olmuş və 1959 ildə həmin fakültəni bitirmişdir. 1959-62 illərdə Azərb. MEA Botanika İnstitutunda kiçik elmi işçi işləmiş, 1962 ildə BDU-nun Geoloji-coğrafiya fakültəsinin “Fiziki-coğrafiya” kafedrasında aspiranturaya daxil olmuşdur. 1965 ildə vaxtından əvvəl “Ceyrançöl-Acınohur öndağlığının təbii landşaftları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Həmin ildən Azərb. MEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, sonralar da baş elmi işçi vəzifəsində işləmişdir.
1976 ildən 2001 ilə qədər BDU-nın Coğrafiya fakültəsinin “Fiziki-coğrafiya” kafedrasında dosent vəzifəsində çalışmışdır.
İki dərs vəsaiti – “Landşaftşünaslığın əsaslarının nəzəri kursu” və “Coğrafiyanın çöl-tədqiqat metodları” və bir monoqrafiyası – “Ceyrançölün təbii landşaftları” çapdan çıxmışdır. Bunlardan əlavə, dörd tədris proqramı (“Landşaftşünaslığın əsasları”; “Ümumi yerşünaslıq”; “Fiziki-coğrafi rayonlaşma” və “Fiziki-coğrafiyanın problemləri”) nəşr edilmişdir. 100-dən artıq elmi məqalənin müəllifidir.
Mənbə: “Azərbaycanın coğrafiyaçı alimləri”. Bakı, “Elm”, 2013, s. 188