İslamov Abil Yolçu oğlu (19.11.1958, Göyçay r-nunun Alıkənd k.) – şair, jurnalist, fotoreportyor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), AYB-nin üzvü (1998), Həsən bəy Zərdabi diplomu laureatı (2006), Prezident təqaüdçüsü (2020).
1966-70 illərdə Alıkənd k. məktəbində 4 illik ibtidai təhsil aldıqdan sonra Mırtı k. Q.Həsrətov adına orta məktəbdə təhsilini davam etdirmişdir. 1976 ildə həmin məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirməklə, Bakı Maşınqayırma Texnikumunun “Metalların kəsməklə emalı” fakültəsini bitirib və texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra (1977-79) təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov ş.-nə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib (1982-86).
Uzun müddət jurnalistika ilə məşğul olan Abil İslamın mətbuatda ilk fəaliyyəti gənclik illərində Göyçayda çıxan, tanınmış jurnalist O.Cəfərovun rəhbərlik etdiyi “Yeni həyat”dan başlayıb. Sonradan Abil İslam yenə də O.Cəfərovun redaktorluğu ilə çıxan “İnşaatçı” qəzetində jurnalist fəaliyyətini davam etdirib (1997–2007), bu qəzetdə müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri olub, eyni zamanda “Bioloji Təbabət” Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində ədəbi dram dərnəyinin rəhbəri vəzifələrində işləyib. Abil İslam Bakının Nizami r-nu “Müharibə və Əmək veteranları” təşkilatının sədr müavini, İctimai Xəbər Agentliyinin direktor müavini, eləcə də Azərbaycan Türk Xalqları İctimai Birliyinin sədr müavini kimi fəaliyyət göstərir.
Jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da fəal məşğul olan Abil İslamın 2001 ildə “Çıraq” Nəşriyyatı tərəfindən “Bir bəlalı ömür olub taleyim” adlı şeirlər kitabı dərc olunub. 2005 ildə “Tələsmə hələ” adlı kitabı nəşr edilib. Müxtəlif bəstəkarlar tərəfindən sözlərinə 200-dən çox mahnı bəstələnib. Mahnıları İ.Rzayev, C.Zeynallı, A.Haşımova, Z.Abdullayeva, Ə.Mirəliyev, Z.Məmmədova, N.Ələsgərli kimi ifaçılar tərəfindən ifa olunub. Əksər mahnıları Azərb. Dövlət Radiosunun “Qızıl Fondu”nda saxlanılır. İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş “Adın mübarək şəhid” adlı şeirinə bəstəkar A.Səlimov tərəfindən musiqi bəstələnmiş və ifaçı V.Muradov tərəfindən ifa edilmişdir. Abil İslam tərəfindən “Göyçay yazarları” qrupu yaradılıb.
Mənbə: S.Sərvi. “Əlvida deməyə tələsmə hələ…” Abil İslamın 60 yaşına // 525-ci qəzet. 2019, 28 fevral, s. 8.