Fəaliyyətinin ilk mərhələsində “Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət” də adlandırılıb. İlk nizamnamə layihəsi 1906 il avqustun 1-də təsdiq olunmuş, 1912 il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. “Nəşri-maarif”in idarə heyətinə 1906 il noyabrın 24-də keçirilən ilk seçkilərdə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfər, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqaları fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər.
“Nəşri-maarif”in əsas məqsədi müsəlman əhalisi arasında Azərb. türkcəsində savadın yayılması idi. Cəmiyyətin şöbələrindən biri də Göyçayda açılmışdı. “Nəşri-maarif”in Göyçay şöbəsinin fəal üzvlərindən biri Qantəmir Qafur olub. O, 1916 ildə “Nəşri-maarif” cəmiyyətinin Quba şöbəsində açdığı məktəbə müdir vəzifəsinə dəvət olunub. Cəmiyyətin Astara, Bankə bölgəsi, Ağdaş, Qaryagin (indiki Füzuli r-nu), Şuşa, Gəncə, habelə Həştərxan quberniyası, Saratov, Moskva, Türkiyə, Rumıniya şöbələri də fəaliyyət göstərirdi.
AXC dövründə “Nəşri-maarif” ölkənin mədəni-maarif həyatında mühüm rol oynamış, əhalinin maariflənməsinə, milli mədəniyyətin inkişafına xidmət etmişdir. Bu dövrdə cəmiyyət öz məktəblərini Maarif Nazirliyinin sərəncamına vermişdi.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider nəşriyyat”, 2005, s. 270;
N.Məmmədova. “Nəşri-maarif” cəmiyyətinin məktəbləri. “Tarix və onun problemləri” jurnalı. Bakı, 2000, №3-4.