(XVII əsrin ikinci yarısı, Göyçay r-nunun Xəlitli k. – XVIII əsrin birinci yarısı) – bu dövrdə ustadnamələri ilə şeir sənətini zənginləşdirən el şairi.
Atası dəllək olmuşdur. Murad da bu sənəti atası vasitəsilə öyrənmişdir. Ona görə də “Dəllək Murad” demişlər. Bu şəxsin həyatı və yaradıcılığı az öyrənilmiş, təkcə onun Şirvan diyarının Göyçay mahalının Xəlitli k.-də doğulduğu, k.-in bəyi ilə aralarındakı düşmənçilikdən k.-i birdəfəlik tərk etdiyi, Göyçay r-nunun Ləkçıplaq k.-nə köçdüyü məlum olur. Ləkçıplaq k.-də onun adını daşıyan məhəllə də vardır. Dəllək Murad aşıqlıq etməmişdir. Aşıq şeiri üslubunda yüksək sənət nümunələri yaratmışdır. Onun şeirləri daha çox nəsihətamiz səciyyəli olduğu üçün tezliklə yayılmış, aşıq məclislərinə ustadnamə kimi yol tapmışdır. Dastanların əvvəlində ustadnamə kimi onun şeirlərinə daha çox müraciət edilir. Əsasən ustadnamələri qalmış Dəllək Muradın adı bir neçə məhəbbət dastanımızın yazılı variantından oxucuya tanışdır.
Dəllək Muradın adı Kərəm, Sarı Aşıq, Qurbani, Abbas Tufarqanlı kimi sənətkarlarla bir sırada çəkilir və onların müasiri hesab olunur. Belə məlum olur ki, Dəllək Murad doğulduğu doğma Xəlitli k.-ni tərk etdikdən sonra bir müddət Şamaxıya getmiş, fitri istedadı və ya haqq vergisi ilə mükəmməl şeirlər söyləmişdir. Dəllək Muradın aşıq şeirinin inkişafında, xüsusən, dastançılığın formalaşmasında peşəkar fəaliyyətini davam etdirdiyi bəlli olur. Gəraylı və qoşma şəklində yazdığı “Olmaz”, “Gen gəz”, “Nədi”, “Yaxşıdur” ustadnamələri aşıqların repertuarında geniş yer tutur. Dəllək Muradın şeirləri Azərb. klassik aşıq poeziyasının ən mükəmməl nümunələri sırasına daxildir. Orta əsr məhəbbət dastanlarının təsəvvüf ideyalarının tərənnümünə həsr olunduğu ən mükəmməl nümunələrində Dəllək Muradın ustadnamələri yer almaqdadır. Bu da sənətkar haqqında təsəvvürləri aydınlaşdırmaq üçün zəngin məlumat verir.
Mənbə: “Ozan-aşıq ensiklopediyası”. 2 cilddə, Aşıqlar Birliyi, “Gənclik” nəşriyyatı, II cild, Bakı, 2020, s. 159.