(16.7.1982, Göyçay ş. – 30.10.2020, Laçın r-nu) – Azərb. Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi.
2003 ildə H.Əliyev adına Azərb. Ali Hərbi Məktəbini “motoatıcı” ixtisası üzrə bitirərək leytenant rütbəsi alıb. Sonra Müdafiə Nazirliyinin təlim və tədris mərkəzində ixtisas kursu keçib. 2004 ildə müdafiə nazirinin əmrinə əsasən xidməti davam etdirmək üçün AR Silahlı Qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. Azərb. Resp. Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində motoatıcı tağım komandiri (2004-07), N saylı hərbi hissədə motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisinin maddi texniki təminat üzrə köməkçisi, motoatıcı taborun qərargah rəisi (2007-16), 130 saylı hissədə əməliyyat bölməsi rəisinin müavini (2016), N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin baş köməkçisi (2017), N saylı hərbi hissəyə döyüş hazırlığı bölmə rəisi vəzifəsinə (2019) təyin edilib.
Xəlilov 2009 ildə Çin Xalq Respublikasına göndərilərək Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirən 3 azərbaycanlı zabitdən biri olub. O, 2020 il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli, Murov, Cəbrayıl, Qubadlı və Laçının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Göyçay Şəhidlər xiyabanında dəfn olunub. Azərb.-ın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərb. Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Xəlilov ölümündən sonra “Azərbaycan bayrağı” ordeni (24.6.2021), “Vətən uğrunda” (15.12.2020), “Laçının azad olunması uğrunda”(29.12.2020), “Qubadlının azad olunması uğrunda”(29.12.2020) və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Məlumat V.Abdullayevdən alınıb.