Rayonun coğrafi şəraiti, ərazinin bir hissəsinin yarımsəhrada, bir hissəsinin dağətəyində yerləşməsi iqlimdə təsirini göstərmişdir. Bu da özünəməxsus xüsusiyyətlər yaradır.
R-nun ərazisində hakim iqlim tipi yayı quraq keçən, mülayim isti yarımsəhra və quru subtropik iqlimdir. Bu iqlim tipi özünün zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Göyçay r-nu ərazisində iqlim tipini iki yerə bölmək olar: Birinciyə Göyçay ş.-dən c.-da qalan əraziləri, ikinciyə Böyük Qafqazın dağ ətəyində yerləşən kəndlərin iqlimi daxildir. Mülayim və rütubətli hava nəticəsində Göyçay r-nunun qışı bir qədər soyuq, yayı isə isti olur. R-nun şərq hissəsində, eləcə də şimalda dağətəklərində yaxşı taxıl bitkiləri yetişdirilir. R-nun qalan ərazilərində qışda soyuq, yayda isti olur. Nəticədə quraqlığa görə ərazidə süni suvarmaya ehtiyac olur. Resp.-nın ərazisinə daxil olan Dəniz Arktika hava kütlələri bu əraziyə də təsir etdiyi dövrlərdə temperatur xeyli aşağı enir, güclü küləklər əsir, bol yağışlar yağır. Nəticədə subtropik bitkilər, əkin sahələri şaxta nəticəsində tələf olur. 1971 il yanvarın 14-dən başlayan güclü qar yağması, onun uzun vaxt ərzində donaraq yerdə qalması nəticəsində Bığır k., Qarabaqqal, Qaraman və s. ərazilərdə tempratur -15° -yə qədər endi. Ərazidə nar ağacları kütləvi surətdə qurudu.
R-n ərazisində ümumi radiasiyanın illik miqdarı 125-130 kal/kv sm-dir. Radiasiya balansının illik miqdarı isə 45-46 kkal/kv.sm-dir. Havanın orta illik temperaturu 14,2° -dir. İlin soyuq dövründə (yanvar) +1,9°C, iyulda (isti yayda), +26,4°C olur. Yay aylarında bəzən havanın mütləq maksimum temperaturu 41°-dək yüksəlir. Havanın orta illik mütləq minimum temperaturu -8° olub, il ərzində -7° ilə 16° arasında dəyişir. Rayon ərazisində müxtəlif illərdə minimum temperatur -16°C, -18°C olub. Torpaq səthinin orta illik temperaturu 17°C, yanvarın orta aylıq temperaturu 2°C, iyulun temperaturu isə 33°C olur. 5°C-dən yuxarı olan temperaturların illik miqdarı 4400-5000°, 10°C-dən yuxarı temperaturların illik miqdarı isə 4529° təşkil edir.
Birinci payız şaxtasının orta tarixi noyabr ayının axırıncı ongünlüyünə, axırıncı yaz şaxtasının orta tarixi mart ayının ikinci ongünlüyünün axırına düşür. Havanın orta illik nisbi rütubəti 71%, yanvar ayında 82%, iyulda 56% təşkil edir. Yağıntının illik miqdarı 400-500 mm arasında olur. Ərazidə yağıntı əsas yaz və payız fəsillərində düşür. Səth örtüyündən 900-1000 mm mümkün buxarlanma gedir. Yağıntının miqdarına görə rayonun iqlimi Kür.-Araz ovalığının iqliminə oxşadır. Dağ ətəyi və yamaclarda yağıntı bir qədər çox olur. Ona görə də burada dəmyə əkinçiliyi inkişaf edir.
R-n ərazisində küləyin orta illik surəti 2,0m/san-dir. Ərazidə əsasən şimal və qərb küləkləri əsir. Güclü küləkli günlərin sayı (15m/san-dən çox ) 5-dir. Ağ yelli günlərin miqdarı 20-dir. Qarlı örtülü günlərin sayı 13-dür. Dolu düşən günlərin sayı 0,4-dür. İl ərzində rayon ərazisində küləyin istiqaməti tez-tez dəyişir. İsti aylarda şərq və cənub-şərq, soyuq aylarda qərb və şimal-qərb küləkləri əsir. Qərb küləyi əsasən yağıntı gətirir. Ən çox külək Həftaran dərəsindən, Göyçay çayının başlandığı yerdən, demək olar ki, ilin bütün fəsillərində şimaldan cənub istiqamətinə əsir. Bu külək qışda soyuqluq, yayda sərinlik gətirir. Dağlıq və dağətəklərində əsasən küləklər dağ-dərə küləkləri adlanır ki, buna səbəb düzən və dağlıq ərazilərin qeyri-bərabər qızmasıdır. Yazın gəlişi ilə fevralın ikinci yarısından etibarən, rayon ərazisində, demək olar ki, hər gün küləklər əsir. Bu küləklər şimaldan əsməklə, yerli əhali arasında Novruz küləyi adlanır.
Ümumiyyətlə, Şirvan düzünün küləkləri Ə.Mədədzadənin məlumatlarında musson xarakterli külək kimi göstərilir. Küləklər kənd təsərrüfatına və ümumilikdə bitkilər üçün çox zərərlidir. Məlumdur ki, iqlim şəraiti bu və ya digər ərazidə landşaftın formalaşmasına təsir edən mühüm amillərdən biridir.
Mənbə: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi-Prezident Kitabxanası, İnzibati-ərazi vahidlərinə aid hazırladığı sənəd, 2020.