oyk., sadə. AR Göyçay r-nunun Mırtı i.ə.v.-də kənd. Əhalinin, eləcə də bəylərin, din xadimlərinin siyahıya alınmasına dair AR Dövlət Tarixi Arxivində saxlanılan sənədə əsasən, çar Rusiyası dövründə Veysəlli adlı daha bir kənd 1832, 1849, 1864 illərdə Bakı quberniyasının, Şamaxı qəz.-nın, Bərgüşad mahalının kəndi kimi yazılmışdır. Bu kənd 1873, 1886 illərdə aparılmış əhalinin siyahıya alınması sənədlərində Bakı quberniyasının, Göyçay qəz.-nın, Bərgüşad mahalının kəndi kimi göstərilmişdir.
Bu kəndin əhalisi Qarabağın Veysəlli k.-dən köçmədir. 1832 ildə aparılmış əhalinin siyahıya alınmasına istinadən, 82 ailədən ibarət Veysəllinin 198 nəfər kişi sakini olmuşdur. Siyahıya alınmada qadınların sayı göstərilməmişdir. 1849 ildə aparılmış siyahıya alınmaya görə, 33 tüstüdən (ev) ibarət Veysəllidə 99 kişi yaşamış, qadınların sayı göstərilməmişdir. 1864 ildə aparılmış siyahıya alınmaya istinadən, əhalinin ümumi sayı 180 nəfər olmaqla 35 tüstüdən ibarət Veysəllidə 94 kişi, 86 qadın yaşamışdır. 1873 ildə aparılmış siyahıya alınmaya görə, əhalinin ümumi sayı 160 nəfər olmaqla 36 tüstüdən ibarət Veysəllidə 86 kişi, 64 qadın yaşamışdır. 1886 ilin siyahıya alınmasına istinadən, əhalinin ümumi sayı 192 nəfər olmaqla 48 tüstüdən ibarət Veysəllinin 100 kişi, 92 qadın sakini olmuşdur. Veysəllidə müxtəlif illərdə bəylərin və din xadimlərinin onların ailə üzvlərinin siyahıya alınması aparılmış, illərə görə yaşları göstərilmişdir.
Veysəlli k. – Şirvan düzündədir. Yaşayış məntəqəsinin adı XIX əsrin ortalarında Göyçay qəzasında yaşamış veysəlli elatının adı ilə bağlıdır.
Novruz Vəli bəy oğlu (1781–?), Vəli bəy Əli bəy oğlu (1792–?), Rəsul bəy Məmmədəli bəy oğlu (1814–?), oğlu Mahmud bəy (1853–?), qardaşı Ələsgər bəy (1833–?), Mehdi bəy Məmmədxan bəy oğlu (1833–?), oğlanları Məmmədxan bəy (1861–?), Məmmədəli bəy (1837–?), Cəfərqulu bəy Əhməd bəy oğlu (1831–?), oğlanları Əlabbas bəy (1871–?), Səfixan bəy (1881–?), Molla Ağa Molla Məhəmməd oğlu (1838–?) Bərgüşad mahalının Veysəlli kəndinin bəylərindən, din xadimlərindən sayılmışlar. XIX əsrin II rübündə Salman Məşədi Süleyman oğlu (1837–?) Veysəlli k.-nin yüzbaşısı olmuşdur. Onun oğlanlarının adı Zərbəli, Süleyman, qardaşının adı Həzrət idi.
Kəndin ibtidai məktəbi, tibb məntəqəsi vardır. 2009 ilin siyahıyaalınmasına əsasən kənddə 298 nəfər əhali yaşayır. Kəndin əhalisi heyvandarlıqla məşğul olur.
Mənbə: O.Zakiroğlu (Baharlı). “Veysəlli oymağı və Məhəmmədxan ağa nəsli”. I kitab. Bakı, 2016;
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 263;
Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı, 2010, s. 629.