Əfəndiyev Abdulla Musa oğlu (24.4.1907, Göyçay r-nunun Potu k. – 1944, Taqanroq ş. ətrafında) – şair, tərcüməçi, AYB-nin üzvü (1934).
8 yaşında əmisi, müəllim Əbdulkərim Əfəndiyevin himayəsinə keçən kiçik Abdulla ondan tərbiyə alıb. 1917-21 illərdə ilk təhsilini burada aldıqdan sonra Bakı Müəllimlər Seminariyasını, daha sonra ADU-nun İctimai-tarix fakültəsini bitirir. Göyçay r-nunda pedaqoji fəaliyyətə başlayır, sonra Bakı məktəblərində, ADU-nun hazırlıq kurslarında müəllimlik edir, ictimaiyyət fənnindən dərs keçir. Еlə bu dövrdə öz şеir və məqаlələri ilə fəаl çıхış еdən А.Fаruq yеni həyаt qurаn əməkçiləri аlqışlаyırdı. 1930 ildə Moskvaya Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasına göndərilir, ailə vəziyyəti ilə əlaqədar olaraq bir ildən sonra Azərb. Dövlət Elmi-Tədqiqat İnstitutuna köçürülüb təhsilini burada davam etdirir (1931-32).
Eyni zamanda, ali məktəblərin fəhlə fakültələrində, “Kommunist” qəzeti redaksiyasında, Nərimanov adına texnikumda müəllim kimi çalışıb və maarif şöbələrinin birində pedaqoji kabinetin müdiri olub (1933-34), “Qızıl Şərq” mətbəəsində (1934), Baş Mətbuat İdarəsində (1936) çalışıb. Ədəbi yаrаdıcılığа univеrsitеtdə охuduğu illərdə bаşlаyan А.Fаruq ilk şеirlərində Оktyаbr inqilаbının nаiliyyətlərini tərənnüm еdib, pоеziyаsındа sоsiаlist həyаtı öz əksini tаpıb. Lakin hələ 1925 ildə komsomola daxil olan Faruq tələbə həyatına tənqidi münasibətinə, onların vəziyyətini xarici tələbələrlə “yanlış” müqayisə etdiyinə görə 1934 ildə partiya sıralarından xaric edilib və elə həmin il ordu sıralarına çağırılıb. Ordudan qayıtdıqdan sonra “Ədəbiyyat qəzeti” və “Şərq qadını” jurnalı redaksiyalarında, Azərnəşrdə işləyib. İkinci Dünya müharibəsi dövründə kiçik leytenant rütbəsində cəbhədə xidmət edib (1942-44) və bu dövrdə “Qızıl Əsgər” cəbhə qəzetində mübariz ruhda şeirləri ilə müntəzəm çıxış edib. “Qara Məmməd” adlı 5 pərdəli 15 şəkilli mənzum pyesini, “Otuz qəhrəman” poemasını bu dövrdə qələmə alıb. Bədii yaradıcılıqla yanaşı, tərcüməçiliklə də məşğul olub, N.Nekrasov, İ.Franko və digər sənətkarların əsərlərini tərcümə edib. Həyatdan gənc yaşlarında gedən, qısa ömründə məhsuldar çalışaraq bir çox əsərlər yazan A.Faruqun hələ sağlığında nəşr olunmuş “Üfüqlər qızаrаndа” (1929), “Yаrış” (1932), “Tаlış dаğlаrı” (1935), “Döyüş yоllаrındа” (1936), “Dаlğаlаr” (1937), “Qızıl əsgər şеirləri” (1938) kitаbçаlаrındа müхtəlif mövzulu şеirləri və pоеmаları toplanmışdır. 1987 ildə çıxmış “Qəlbimin sahilsiz dalğaları” adlı kitabında poetik irsinin əsas hissəsi toplanmışdır.
Sovet cəmiyyətinə səmimi rəğbət bəsləmiş, ancaq gördüyü ictimai nöqsanları sərt tənqid edən, milli amallara sadiq qalan, o cümlədən əlifba islahatını, latından kirilə keçidi tənqid edən Abdulla Faruq yaradıcılığının məhsuldar dövründə, 1944 ildə Taqanroq ətrafında döyüşlərdə həlak olmuşdur.
Mənbə: Xatirə Qəribova. Sahilsiz qəlbinin dalğalarını misralara çevirən şair… Abdulla Faruq // Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəsmi səhifəsi
http://www.milliarxiv.gov.az/az/sahilsiz-qelbinin-dalgalarini-misralara-ceviren-sair-abdulla-faruq
Süleymanlı Şamil. “Azərbaycan ədəbiyyatı ensiklopediyası: ən qədim dövrlərdən 1920-ci ilədək: I cild”, Bakı, “Nağıl evi”, 2008, s. 338.