(28.9.1935, Göyçay ş. – 7.11.2015, Bakı ş.) – cərrah-onkoloq, tibb ü.f.d. (1972), Əməkdar həkim (2010), prof.
1959 ildə N.Nərimanov adına ATİ-nin Stomatologiya fakültəsini bitirib və Türkmənistana işə göndərilib. Bir müddət orada işlədikdən sonra iş yeri Özbəkistana dəyişilir və Termez ş.-də Surxandərya vilayət xəstəxanasında stomatoloq kimi fəaliyyətə başlayır. Orada beş il tibbi kadrların kəskin çatışmazlığı şəraitində çalışdıqdan sonra Abdullayev çənə-üz cərrahiyyəsinin bir çox incəliklərini mənimsəyir və bu sahədə təcrübəli mütəxəssis kimi formalaşır.
1965 ildə Azərbaycana qayıdan Abdullayev burada Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun (1995 ildən Azərb. Resp. Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi) cərrahiyyə şöbəsinə ordinator kimi işə qəbul olunur və sonrakı 50 il ərzində bu tibb müəssisəsinin əməkdaşı olur. 1967 ildə Abdullayev Moskva ş.-də əvvəlcə kliniki ordinaturada olur, sonra isə Mərkəzi Elmi-Tədqiqat Stomatologiya İnstitutunda görkəmli rus alimi, professor İ.İ.Yermolovun rəhbərliyi ilə onkologiya ixtisası üzrə namizədlik dissertasiyasını yerinə yetirir. Bu istitutda fəaliyyət göstərdiyi müddətdə o, savadlı mütəxəssis və gözəl cərrah kimi tanınır. 1972 ildə dissertasiya müdafiəsindən sonra Bakı ş.-nə qayıdır və Elmi-Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İnstitutunun ümumi onkologiya şöbəsinin əvvəlcə kiçik, bir müddət sonra isə baş elmi əməkdaşı seçilir. Bütün sonrakı illərdə Abdullayev nəinki bir sıra uğurlu əməliyyatlar aparır, həm də gənc mütəxəssislərin hazırlığı ilə məşğul olur. Abdullayev baş və boyun nahiyyələrində onkoloji xəstəliklərin cərrahiyyəsi və bu xəstəliklərin kombinə olunmuş müalicə üsulları sahəsində mütəxəssis idi. Azərb.-da ilk dəfə olaraq onun tərəfindən baş və boyun orqanlarında yaranan şişlərin müalicəsi üçün bir sıra mürəkkəb cərrahi əməliyyatlar yerinə yetirilib. Abdullayev keçmiş SSRİ-də onkoloji klinikada ilk dəfə kreoterapiyadan geniş istifadə edənlərdən biri olaraq bu üsulun Azərbaycan onkologiyasında tətbiqinin banisi sayılır. Görkəmli sovet və Azərb. cərrah-onkoloqu, tibb e.n., Azərb. Respublikasının Əməkdar həkimi, bir sıra elmi əsərlərin müəllifi Abdullayev Beynəlxalq Ekoenergetika Akademiyasının prof.-u seçilib.
Məlumat V.Abdullayevdən alınıb.