(15.8.1935, Göyçay r-nunun Qaraman k. – 26.12.2022, Bakı ş.) – filoloq alim, pedaqoq, qabaqcıl təhsil işçisi, prof. (1993), Əməkdar müəllim (2012).
Natamam orta təhsilini Qaraman k.-də yeddiillik məktəbdə alan N.Abdullayev 1950 ildə Göyçay Pedaqoji Texnikumuna daxil olmuş və 1954 ildə fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin ildə APİ-nin (indiki ADPU) Tarix-filologiya fakültəsinə daxil olmuş, 1959 ildə ali təhsilini başa çatdırdıqdan sonra iki il Sumqayıt məktəblərində müəllim işləmişdir. 1962-65 illərdə APİ-də əyani aspirantura təhsilini başa vurub “Şagirdlərin orfoepik vərdişlərinin formalaşdırılması yolları” mövzusunda dissertasiya müdafiə edən Abdullayev həmin dövrdən Pedaqoji İnstitutun Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında işə başlamışdır. Müəllim, baş müəllim, dosent vəzifələrində çalışmış, 1993 ildən həmin kafedranın professoru işləmişdir.
N.Abdullayev 25 adda monoqrafiya, proqram, dərslik və dərs vəsaitinin, o cümlədən IX sinfin “Azərbaycan dili” dərsliyinin, 100-ə yaxın məqalənin müəllifidir. 2008-09 və 2009-10 tədris illərində ADPU-da keçirilən “İlin müəllimi” nominasiyasının qalibi olmuşdur. “Nitq mədəniyyəti” fənni üzrə respublikanın ali məktəblərində istifadə olunan, bir neçə dəfə təkrar nəşr edilmiş sanballı dərsliyin müəllifidir. Onun həmmüəllifliyi ilə rusdilli oxucular üçün rus dilində nəşr olunmuş “Azərbaycan dili” («Азербайджанский язык») dərsliyi müxtəlif xalqların nümayəndələrinin və xarici vətəndaşların dövlət dilimizi öyrənməsində əsas vəsaitlərdən biri kimi bu gün də istifadə olunmaqdadır.
N.Abdullayev bədii yaradıcılıqla da məşğul olmuş, “Butalı xalça” (2004), “Hekayələr” (2011) adlı kitabları dərc edilmişdir. Təhsil Nazirliyinin təhsil islahatı ilə bağlı keçirdiyi müsabiqədə qalib çıxmış, nazirliyin milli məsləhətçisi kimi Azərbaycan dili və Azərbaycan dilinin tədrisi metodikası fənləri üzrə ilkin müəllim hazırlığı kurikulumunu hazırlamışdır. Bir neçə il həmin fənlərin kurikulumları ilə bağlı ixtisasartırma kurslarında ali məktəb müəllimlərinə mühazirə oxumuş, təlimati söhbətlər aparmışdır. On il Filologiya fakültəsində dekan müavini, sonra fakültə partiya təşkilatının katibi olmuşdur. Prof. Abdullayev uzun illər universitet və fakültə elmi şuralarının, eləcə də təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə universitetdə fəaliyyət göstərən müdafiə şurasının üzvü kimi fəaliyyət göstərmişdir.
O, on beş ilə yaxın “Azərbaycan Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri olmuşdur. Birliyin respublikada yaşayan miqrant və məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi layihə və tədbirlər sırasında onun özünəməxsus payı vardır. 2004 ildən redaktoru olduğu “Qarabağın səsi” qəzeti rus və ingilis dillərində nəşr edilərək dünyanın 64 ölkəsinə yayımlanmaqla Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmışdır.
N.Abdullayev uzun müddət universitet və fakültə elmi şuralarının, eləcə də təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə universitetdə fəaliyyət göstərən müdafiə şurasının üzvü olmuşdur. 2021 ildə təqaüdə çıxmış prof. Abdullayevin müəllifi olduğu dərsliklər və dərs vəsaitləri, fənn proqramları, dil tədrisinin metodikasına, nitq mədəniyyətinə dair mühazirələri gənc filoloq müəllimlərin formalaşmasında xüsusi rol oynamışdır.
Azərb. Resp. Prezidentinin 18 aprel 2012 il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülmüşdür.
Əsəri:
N.Abdullayev. Nitq mədəniyyətinin əsasları: dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 2014, 278 səh.
Mənbə: A.Ziyad. Şərəfli ömür sahibi: Nadir Abdullayev // “Gənc müəllim”, dekabr 2010.