Tanınmış şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Abil İslam (İslamov Abil Yolçu oğlu) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində anadan olub.
1966–1970-ci illərdə Alıkənd kənd məktəbində 4 illik ibtidai təhsil aldıqdsan sonar Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirmişdir. 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirdikdən sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirməklə, Bakı Maşınqayırma Texnikumunun “Metalların kəsməklə emalı” fakültəsini bitirib və texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib.
Uzun müddət jurnalistika ilə məşğul olan Abil İslam mətbuatda ilk fəaliyyəti gənclik illərində Göyçayda çıxan, tanınmış jurnalist Oqtay Cəfərovun rəhbərlik etdiyi “Yeni həyat”dan başlayıb. Sonradan Abil İslam yenə də Oqtay Cəfərovun redaktorluğu ilə çıxan “İnşaatçı” journalist fəaliyyətini davam edib, bu qəzetdə müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri olub, eyni zamanda “Bioloji Təbabət” Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində ədəbi dram dərnəyinin rəhbəri vəziflərində işləyib. Abil İslam Bakının Nizami rayonu “Müharibə və Əmək veteranları” təşkilatının sədr müavini, İctimai Xəbər Agentliyinin direktor müavini kimi fəaliyyət göstərir.
Jurnalistika ilə yanaşı, bədii yaradıcılıqla da fəal məşğul olan Abil İslamın 2001-ci ildə “Çıraq” Nəşriyyatı tərəfindən 204 səhifəlik “Bir bəlalı ömür olub taleyim” adlı şeirlər kitabı dərc olunub. 2005-ci ildə “Tələsmə hələ” adlı ikinci kitabı nəşr edilib. Müxtəlif bəstəkarlar tərəfindən sözlərinə 200-dən çox mahnı bəstələnib. Mahnıları İslam Rzayev, Cavan Zeynallı, Aybəniz Haşımova, Zöhrə Abdullayeva, Əli Mirəliyev, Zümrüd Məmmədova, Nüşabə Ələsgərli kimi ifaçılar tərəfindən ifa olunub. Əksər mahnıları Azərbaycan Dövlət Radiosunun “Qızıl Fondu”nda saxlanılır. İkinci Qarabağ müharibəsi şəhidlərinə həsr olunmuş, “Adın mübarək şəhid” adlı şeirinə bəstəkar Arif Səlimov tərəfindən musiqi bəstələnmiş və ifaçı Vüqar Muradov tərəfindən ifa edilmişdir.
Mənbə: Südabə Sərvi. “Əlvida deməyə tələsmə hələ…” Abil İslamın 60 yaşına // 525-ci qəzet. 2019. – 28 fevral. -S.8; https://az.wikipedia.org/wiki/Abil_%C4%B0slam